Bakı, TurkicWorld
ABŞ-ın texnologiya nəhəngi Apple, səs köməkçisi texnologiyası "Siri"nin istifadəçilərin məxfiliyini pozduğuna dair məhkəmə iddiasını həll etməyə razılaşıb və bunun üçün 95 milyon dollar təzminat ödəyəcək.
TurkicWorld xəbər verir ki, Kaliforniyanın Şimal Dairə Məhkəməsinin hakimi Ceffri Uayt tərəfindən təsdiqlənməsi gözlənilən ilkin razılaşma, Oklend federal məhkəməsinə təqdim edilib.
Sözügedən işdə "Siri"nin istəmədən aktivləşdirilə biləcəyi və istifadəçilərin razılığı olmadan onların söhbətlərinin üçüncü şəxslərlə paylaşıldığı iddia edilib. Apple bu ittihamları rədd etsə də, məhkəmə işini bağlamaq üçün 95 milyon dollar ödəməyi qəbul edib.
Razılaşma təsdiq olunarsa, Siri ilə işləyən cihazların ABŞ-dakı istifadəçiləri hər cihaz üçün 20 dollara qədər təzminat ala biləcəklər.
Bu sövdələşmə, 17 sentyabr 2014-cü ildən 31 dekabr 2024-cü ilədək olan müddət ərzində Siri ilə işləyən iPhone, iPad, Apple Watch, MacBook, iMac, HomePod, iPod touch və Apple TV cihazlarının ABŞ-dakı sahiblərini əhatə edəcək.
Qeyd edək ki, Apple-ın səs köməkçisi "Siri" ilk dəfə 2011-ci ildə iPhone 4S modelində təqdim edilib. İstifadəçilərin Siri-ni səssiz rejimdə aktivləşdirməsinə imkan verən "Hey Siri" funksiyası isə 2014-cü ildə istifadəyə verilib.