BAKI,TurkicWorld
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) dəstəyi ilə Bakı Mühəndislik Universitetində (BMU) "Apple" şirkətinin “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” (TASTM) layihəsi çərçivəsində təlim mərkəzi yaradılır.
TurkicWorld xəbər verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən məlumat verilib.
Layihə çərçivəsində təlimçi potensialının formalaşdırılması məqsədilə 6 müəllim cəlb olunub, onlardan 2-si artıq “Apple” təlimçi sertifikatı əldə edib. Təlim mərkəzinin fəaliyyəti üçün xüsusi tədris məkanı ayrılıb və zəruri texniki təchizatla təmin olunub. Hazırda kurikulumun tədris prosesinə inteqrasiyası üzrə hazırlıq işləri aparılır.
Mərkəzdə tələbələr üçün “Swift proqramlaşdırma dili ilə tətbiq hazırlanması” təlimləri təşkil ediləcək, “Swift” proqramlaşdırma dili və "Xcode” inkişaf mühiti öyrədiləcəkdir.
“StrategEast” təşkilatı və “Apple” şirkətinin beynəlxalq tərəfdaşlığı ilə həyata keçirilən bu təşəbbüs tələbələrin müasir texnoloji bacarıqlar qazanmasını təmin edəcək.
Qeyd edək ki, “Apple” şirkətinin bu layihəsi təhsil müəssisələrində innovativ öyrənmə mühitinin və müəllimlərin peşəkar hazırlığının gücləndirilməsinə, qlobal əməkdaşlıq imkanları vasitəsilə tələbələrin zəruri bacarıqlarının inkişafına şərait yaradır.







