BAKI,TurkicWorld
ABŞ-da münsiflər heyəti “Apple” şirkətinin “Taction Technology” şirkətinə məxsus iki patentlə qorunan texnologiyadan qanunsuz istifadə etdiyinə qərar verərək, texnologiya nəhənginin 5,7 milyard dollardan çox ödəniş etməsinə qərar verib. Bu, ABŞ-da patent pozuntusu ilə bağlı indiyədək çıxarılmış ən böyük məbləğli qərar kimi qiymətləndirilir.
TurkicWorld xəbər verir ki, Kaliforniyanın San-Dieqo şəhərində keçirilən məhkəmə prosesində münsiflər heyəti “Apple”ın “iPhone” və “Apple Watch” cihazlarında toxunma və titrəmə əks-əlaqəsini təmin edən “Taptic Engine” sisteminin “Taction Technology” şirkətinin iki patentini pozduğunu müəyyənləşdirib.
Məhkəmə işində mübahisə məhz cihazların toxunma zamanı yaratdığı titrəmə funksiyasının texniki əsasları ilə bağlı olub.
“Apple” qərarla razılaşmadığını və ondan apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət “Taptic Engine” sisteminin “Taction” şirkətinin texnologiyasından əsaslı şəkildə fərqləndiyini və öz məhsullarında həmin texnologiyadan istifadə etmədiyini bildirib.
“Apple” məhkəmə prosesində “Taction”ın patentlərinin etibarsız olduğunu da müdafiə edib. Lakin münsiflər heyəti şirkətin patentlərin pozulması ilə bağlı məsuliyyət daşıdığı qənaətinə gəlib. Qərarın ardından “Taction Technology”nin vəkili Lans Yan münsiflər heyətinin şirkətin patent hüquqlarını təsdiqləməsindən məmnun olduqlarını bildirib.
“Taction Technology” şirkəti qulaqcıqlar və oyun qulaqlıqları üçün titrəmə texnologiyalarından istifadə edir. Şirkət “Apple”a qarşı iddianı 2021-ci ildə qaldırıb. İş üzrə əvvəlki mərhələdə San-Dieqodakı federal hakim 2023-cü ildə “Apple”ın patentləri pozmadığı qənaətinə gəlsə də, ABŞ Federal Dairə üzrə Apellyasiya Məhkəməsi ötən il işi yenidən araşdırılmaq üçün bərpa edib.
Məhkəmə materiallarına əsasən, münsiflər heyəti “Apple”ın patentləri qəsdən pozduğunu müəyyən etməyib. Buna baxmayaraq, təyin edilən 5,72 milyard dollarlıq məbləğ ABŞ patent hüququ tarixində ən böyük məhkəmə təzminatlarından biri kimi qeydə alınıb.






