BAKI,TurkicWorld,Yusif Şərifzadə
“Apple” şirkəti yeni məhsullarının təqdimat mərasimini sentyabrın 9-da keçirəcək. Şirkətin yüksək vəzifəli rəhbərlərindən Qreq Cosviak tədbirin tarixini sosial şəbəkədə açıqlayıb.
TurkicWorld xəbər verir ki, təqdimat zamanı şirkətin yeni “iPhone” telefon silsiləsini nümayiş etdirəcəyi gözlənilir. Eyni zamanda uzun müddətdir gözlənilən ilk qatlanan “Ayfon”un da təqdim oluna biləcəyi bildirilir.
İlk qatlanan “iPhone”un “Apple” üçün mühüm yenilik olacağı gözlənilir. Təhlilçilərin fikrincə, yüksək qiymət kateqoriyasına aid bu qurğu şirkətin məhsullarının orta satış qiymətinin yüksəlməsinə və gəlirliliyinin artmasına mühüm təsir göstərə bilər.
Yeni qurğunun qatlanan ağıllı telefon bazarında “Samsung Elektroniks”lə rəqabəti gücləndirəcəyi də gözlənilir. Hazırda “Samsung Elektroniks” bu sahədə əsas istehsalçılardan biri hesab olunur.
Sentyabrın 9-da keçiriləcək təqdimat “Apple”ın yeni baş icraçı direktoru Con Ternusun rəhbərliyi dövründə ilk böyük tədbir olacaq. Məlumata əsasən, Ternus sentyabrın 1-də şirkətin rəhbərliyini təhvil alacaq, Tim Kuk isə icraçı sədr vəzifəsinə keçəcək.






