Bakı. TurkicWorld:
Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri “Bayer”i qəbul edib.
Həm Almaniya Bundesliqasında, həm də UEFA Avropa Liqasının H qrupunda lider olan Xabi Alonsonun yetirmələri ilə matçın taleyini uzatma dəqiqələrindəki penalti həll edib. İki həftə əvvəl olduğu kimi qalib gələn “Bayer” 1:0 hesablı qələbə ilə xallarının sayını 12-yə yüksəldib. Qrupun digər görüşündə “Hakken”i səfərdə 3:1 hesabı ilə məğlub edən “Molde” ikinci yerdəki “Qarabağ”a çatıb. Hər iki komandanın 6 xalı var.
Möhtəşəm mübarizə
“Qarabağ” “Bayer”lə hər iki matçda uduzsa da, 14 gün ara ilə baş tutan qarşılaşmalar arasında böyük fərq diqqət çəkir. Leverkuzendə meydan sahibləri 5:1 hesabı ilə qalib gəlmişdisə, Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya klubu yalnız minimal hesabla qələbə qazana bildi. Bu da Azərbaycan çempionunun möhtəşəm mübarizəsinin nəticəsi idi. Əslində, təmsilçimiz daha artığına - ən azı bir xala da layiq idi. 90 dəqiqə rəqiblə başabaş vuruşan “Qarabağ” oyunboyu almaniyalılara ciddi üstünlüyə sahib olmağa da imkan verməmişdi.
Bu, Qurban Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusu və futbolçuların vahid mexanizmi sayəsində mümkün olmuşdu. Təkcə Azərbaycan deyil, Avropada da özündən söz etdirən 51 yaşlı mütəxəssis dəfələrlə sübut edib ki, istənilən güclü rəqibi birinci oyundan sonra daha yaxşı təhlil edir və ikinci görüşdə fərqli “Qarabağ” görürük. Uzağa getmədən ötən mövsümü xatırlaya bilərik. “Frayburq”a ilk matçda uduzan Ağdam klubu Bakıda Almaniya təmsilçisindən xal ala bilmişdi.
Bu dəfə də məşqçilərin analizi və verilən tapşırıqlar meydanda zərgər dəqiqliyi ilə icra olunurdu. İlk matçın Leverkuzen klubu üçün qəhrəmanı olan Florian Virts tam zərərsizləşdirilmişdi. Həmin görüşdə qol və 3 assist edən gənc ulduz sanki meydanda yox idi. Arenada anşlaq yaradan azarkeşlərin möhtəşəm dəstəyindən ruhlanan komandamızın özü də bir neçə dəfə fərqlənmək imkanı əldə etdi. Yassin Benzia və Olavio Juninyonun zərbələrində dəqiqlik çatsaydı, nəticə hətta tam fərqli də ola bilərdi.
Pozulan mexanizm
Möhtəşəm mübarizə aparan, rəqibi zərərsizləşdirən və meydanda dəqiq mexanizmi xatırladan “Qarabağ” sonda buraxılan qolla uduzdu. Təmsilçimiz haqq etdiyi bir xalı uzatma dəqiqələrində əldən verdi. Bəs bunun səbəbi nə idi? Çoxları hakimi penalti təyin etməkdə qınaya bilər. 11 metrlik cərimə zərbəsinin mübahisəli olduğunu önə çəkənlər yetərincədir.
Amma Qurban Qurbanov oyunsonrası mətbuat konfransında da buna fərqli şərh verib: “Yenə səbəb axtara bilərik. Amma özümüz daha diqqətli olmalıyıq”.
Bəli, penaltini səbəb, bəhanə kimi göstərmək mümkündür. Lakin həmin cərimə zərbəsi olmasaydı belə, son dəqiqələrdə “Bayer”in təzyiqi başqa qolla da nəticələnə bilərdi. Həmin təzyiqin isə yalnız bir səbəbi var idi: mexanizmin pozulması.
Baş məşqçinin özü də etiraf edib ki, əvəzetmələri, xüsusilə də məcburi olanları sevmir. Çünki belə addımlar tapşırıqları düzgün icra edən sistemi pozur. Zədələr və yorğunluq isə Qurban Qurbanovun qurduğu sistemin pozulması ilə nəticələndi. Marko Veşoviç və Elvin Cəfərquliyein əvəzetmə istəməsi, Andrey Lunyovun zədələnməsi Bundesliqa liderinin sonda üstünlüyü tam ələ keçirməsi və qolla nəticələndi. Zədələr isə cari mövsüm çempionumuz üçün kabusa çevrilib. “Qarabağ” bu mövsüm tam ideal heyətlə heç bir görüşə hazır olmayıb. Hər dəfə hansısa oyunçu ya bərpa prosesi keçir, ya zədəli olur, ya da bütün bunlardan sonra tam hazır vəziyyətə çatmır. İtkilərin belə çox olduğu vaxtda Azərbaycan xalqını qələbələrlə sevindirən çempionumuz ardıcıl iki məğlubiyyətdən sonra da pley-offa vəsiqə uğrunda mübarizəni davam etdirir.
Yeri Çempionlar Liqasında olan rəqib
Əlbəttə, “Qarabağ” “Bayer”dən bir xal qopara bilsəydi, durum daha fərqli olacaqdı. Lakin ötən mövsüm UEFA Avropa Liqasının yarımfinalına qədər irəliləyən Leverkuzen klubunun Bundesliqada lider olması rəqibin gücündən xəbər verir. Almaniya klubunun futbolçusu Alexandro Qrimaldonun dediyi kimi komandanın səviyyəsi UEFA Avropa Liqasını aşır: “Bizim yerimiz Çempionlar Liqasıdır. Biz orada olmalıyıq”.
Komandalar arasında səviyyə fərqini çempionatların gücü də aşkar göstərir. Azərbaycan UEFA reytinqinin ortalarında – 3-cü “onluq”da yer alırsa, Almaniya “Top-5”in əbədi üzvüdür. Bu səviyyə fərqinə Qurban Qurbanov da hələ Almaniyadakı matçdan sonra etiraf edib: “Nəticə də göstərdi ki, səviyyə fərqi var və onlar bizdən çox yuxarıdadırlar”.
Düzdür, tarixə nəzər salsaq, “Böyük beşlik” təmsilçilərindən xal almaq mümkün olub. Həm “Qarabağ”, həm “Neftçi” “İnter”lə, Ağdam klubu “Frayburq”, “Sent-Etyen”, “Nant” kimi rəqiblərlə bəzi görüşləri uğurlu keçirib. Lakin ümumilikdə liqalar arasında fərq həmişə sözünü deyib.
Hər şey “Qarabağ”ın öz əlindədir
“Qarabağ” son iki mövsümdə UEFA Konfrans Liqasının pley-offuna yüksəlməklə ilkləri reallaşdırıb. İki il əvvəl təmsilçimiz həmin turnirin qrupunda ikinci yerin sahibi kimi mərhələ adlayan ilk Azərbaycan klubu olub. Ötən il isə UEFA Avropa Liqasında qrupdan 3-cülüklə UEFA Konfrans Liqasına yollanmağı bacaran Qurban Qurbanovun komandası bu dəfə daha böyük uğurun astanasındadır. “Bayer”ə iki məğlubiyyətdən sonra 1-ci yer şansı rəsmən itirildi. Amma 1/8 finala birbaşa vəsiqənin qazanılması və hətta bunun üçün mübarizənin real olmadığını hamı hələ öncədən başa düşürdü. Lakin bu turnirin pley-offuna vəsiqə qazanılması daha inandırıcıdır.
Püşkdən sonra bəlli idi ki, “Qarabağ”ın ikincilik uğrunda əsas rəqibləri “Molde” və “Hakken”dir. Bunu İdman.bizə açıqlamasında Azərbaycanın U-21 millisinin baş məşqçisi Samir Əliyev də gizlətməyib: “Qarabağ”ın əsas rəqibi “Bayer” deyil, “Molde” və “Hakken”dir. Təmsilçimizin qrupdan çıxmaq şansları bu oyunlardan asılı olacaq”.
Əslində, bu da heç kimə sirr deyildi. Amma artıq 4 məğlubiyyət alan “Hakken” ikincilik mübarizəsindən qopub. İsveç klubu yalnız möcüzə sayəsində UEFA Konfrans Liqasının pley-offuna düşə bilər. İkincilik mübarizəsində isə “Qarabağ”la “Molde” qalıb.
Hər şey artıq V turda həll oluna bilər. “Qarabağ” üç həftədən sonra Norveçdə əsas rəqibinin qonağı olacaq. Çempionumuz Skandinaviyada istənilən hesabla qalib gəlsə, son turun nəticəsindən asılı olmayaraq, adını pley-offa yazdıracaq. Bakıda 1:0 hesabı ilə məğlub etdiyi rəqibə iki və ya daha çox top fərqilə məğlubiyyət isə “Molde”ni növbəti raunda daşıyacaq. Noyabrın 30-da keçiriləcək finala bərabər qarşılaşmada qeydə alınacaq heç-heçə də “Qarabağ”ın lehinə olacaq. Belə olduqda, ağdamlılar son turda “Hakken”i istənilən hesabla məğlub edərək qrupdan ikinci yerlə çıxacaq. Norveçlilərin minimal fərqlə qalib gəlməsi də pley-offa vəsiqənin sahibini son tura saxlayacaq. Lakin hadisələrin belə axarı “Qarabağ”ın taleyini “Bayer”dən asılı vəziyyətə salacaq. Çünki komandamız “Molde”nin almanlara uduzması və mümkün qədər böyük fərqin olmasını arzulamalı, özü də “Hakken”ə bacardığı qədər qol vurmalıdır. Çünki həmin vaxt top fərqi önəm daşıya bilər ki, hazırda bu baxımdan şimallılar öndədir.
Hüseyn Vaqif
İdman.biz