Bakı. TurkicWorld:
İtaliyanın Barletta şəhərində sahil avarçəkməsi üzrə dünya çempionatı keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının avarçəkəni Diana Dımçenko mundialı gümüş medalla başa vurub.
O, təsnifat mərhələsində finişə birinci çatıb. İdmançımız 4000 m məsafəni 20:11.72 dəqiqəyə qət edib. Dımçenko təsnifat mərhələsində ikinci olan Finlandiya təmsilçisi Eva Karppineni 10 saniyə qabaqlayıb. (20:21.43). Bu nəticə ilə Diana əsas final olan A finalına vəsiqə qazanıb.
Final yürüşündə idmançılar 6000 m məsafəyə yarışıblar. Dımçenko bu məsafəni 32:20.94 dəqiqəyə başa vurub. İdmançımız fransalı Cessika Berranı (32.33.92) 13 saniyə fərqlə geridə qoyaraq dünya çempionatının gümüş medalına sahib olub. Diana yalnız irlandiyalı Monika Dukarskadan geri qalıb (32:09.17).
Qeyd edək ki, Dımçenko 2022-ci ildə Uelsdə təşkil olunan sahil avarçəkməsi üzrə dünya çempionatında da 2-ci yer tutub.







