Son dəqiqə

Azərbaycan Ermənistan Naqif Həmzəyev Şarl Mişel Brüssel

Ermənistan öz sözündə dursa və verdiyi vədləri yerinə yetirsə, Azərbaycanla sülh sazişinin imzalanması prosesi sürətlənə bilər - Naqif Həmzəyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Ermənistan öz sözündə dursa və verdiyi vədləri yerinə yetirsə, Azərbaycanla sülh sazişinin imzalanması prosesi sürətlənə bilər.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

"Brüsseldə baş tutmuş üçtərəfli görüş Azərbaycan üçün uğurlu nəticələndi. Görüşün təfərrüatları tam olaraq açıqlanmasa da, yekun bəyanatdan belə bir qənaətə gəlmək olur ki, Ermənistan Azərbaycanın, Azərbaycan isə Ermənistanın ərazi bütövlüyünü tanıyır. Bu isə onu deməyə imkan verir ki, Ermənistan Qarabağda status məsələsi və yaxud da orada yaşayan ermənilərlə bağlı hansısa bir istək və haqq irəli sürə bilmir. Bununla yanaşı, bəyanatda Laçın dəhlizi və post-keçid məntəqəsinin qurulması ilə bağlı heç bir qeydlərin olmaması deməyə imkan verir ki, Ermənistan tam olaraq Azərbaycanın suveren haqlarını tanıyır və Azərbaycanın öz ərazilərində etdiyi bütün fəaliyyətləri dəstəkləyir, yaxud buna etiraz edə bilmir. Mən düşünürəm ki, bu baxımdan Brüssel görüşünün nəticələri Azərbaycan üçün uğurlu hesab edilə bilər", - deyə deputat qeyd edib.

Naqif Həmzəyev vurğulayıb ki, növbəti günlərdə biz humanitar məsələlərdə, xüsusilə də əsirlərin dəyişdirilməsi ilə bağlı müsbət nəticələr əldə edə bilərik. Böyük ehtimalla, baş tutan görüşdə bu məsələlər müzakirə olunub, amma bəyanatda öz əksini tapmayıb. Yaxın günlərdə biz bu məsələlərlə bağlı real addımların atıldığını gördükcə, yekun qənaətə gələcəyik ki, Ermənistan öz səhvlərini anlayır və Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlıdır. İstənilən halda, biz bir məsələni dərk etməliyik ki, sülh sazişi imzalansa belə sərhədlərin tanınması, delimitasiyası və demarkasiyası uzun bir prosesdir, bu illərlə çəkə bilər. Əsas olan sülh sazişinin imzalanmasına nail olunması idi. Bu isə o deməkdir ki, irimiqyaslı təxribatların, toqquşmaların olma ehtimalı azalacaq. Nəticə etibarilə bu, regionda kommunikasiyaların açılmasına, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına gətirib çıxara bilər.

"Brüssel formatında görüşün baş tutması istənilən halda Azərbaycan üçün uğur hesab olunmalıdır. Çünki Fransanın danışıqlar prosesinə müdaxiləsi zərərsizləşdirildi və Fransa artıq kənarda qalıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bu görüşün baş tutması Amerikada əldə edilmiş razılığın inkişaf etdirilməsinə bir töhfədir. Yaxın dövrdə də bu cür görüşlərin baş tutma ehtimalı var. Kişinyovda və yaxud Moskvada bu cür görüşlər keçiriləcəyi təqdirdə biz düşünürük ki, sülhə biraz da yaxınlaşacağıq. Ermənistan öz sözündə dursa və verdiyi vədləri yerinə yetirsə, bu proses daha da sürətlənə bilər. Həmçinin Ermənistan növbəti təxribatlar törətməyəcəyi təqdirdə, sülhə biz nail ola bilərik. İstənilən halda biz öz mövqeyimizdə qətiyik və ümid edirik ki, Ermənistan da mövcud reallıqları qəbul edəcək, Azərbaycanla sülh sazişinin qısa müddətdə imzalanmasına öz töhfələrini verəcəkdir", - deyə Milli Məclisin deputatı əlavə edib.

Mövzuya görə xəbərlər