Bakı. TurkicWorld:
Ermənistan diasporaya və İran siyasətinə çox ümid edir.
Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov bildirib.
"Ermənistan Azərbaycanla müharibədə məğlub oldu. Bu bütün dünya miqyasında qəbul olunan rəsmi sənədlə - məğlubiyyət aktı ilə təsdiq olunmuş bir hadisədir. Ermənistan məcbur oldu ki, işğal etdiyi rayonların bəzilərini danışıqlar yolu ilə, yəni müharibəsiz qaytarsın. Bu səbəbdən də Azərbaycan müharibəni, hücumu dayandırdı. Bununla biz bütün dünyaya göstərdik ki, bir daha Ermənistana güzəşt etdik, yəni Azərbaycan müharibəni davam etdirmir, Ermənistan artıq məğlubdur və qalan torpaqları da geri qaytarsın. Bu niyə belə oldu? Çünki Ermənistan daim bütün dünyaya səs salırdı ki, biz torpaqları müharibə ilə, qan tökməklə almışıq, onu da sülh yolu ilə geri qaytarmaq fikrimiz yoxdur. Amma indi gəlib o vəziyyətə çıxıb ki, artıq müharibəyə ehtiyac yoxdur. Yəni Azərbaycana aid olan ərazilər özümüzdədir, Ermənistan öz hüdudlarına çəkilib. Belə bir vəziyyətdə də sülh müqaviləsindən başqa bir yol yoxdur",- deyə o qeyd edib.
Nizami Cəfərov bildirib ki, sülh müqaviləsi də o deməkdir ki, Ermənistan vaxtı ilə işğal etdiyi və bizim hələ ki, iddiasında olmadığımız ərazilərdən, torpaqlardan yol verməlidir ki, dünya miqyaslı marşrutlar işləsin. Sual yaranır ki, bəs niyə Ermənistan bunu etmir, kimə ümid edir? Ermənistan hər şeyə ümid edir. Dinindən başlamış qədim mifologiyasına, xristian qardaş və bacılarına kimi. Bu mifik ümidlər içərisində Ermənistan hələ də düşünür ki, hansısa qüvvələr onu müdafiə edə bilər. Ermənistanın daim ümid etdiyi diaspora erməni diasporudur. Hansı ki, Amerikada, Fransada, bəzi Avropa ölkələrində bu diaspor fəaliyyətdədir. Hətta Ermənistan İrandakı erməni diasporuna və İran siyasətinə çox ümid edir.
"Hər halda mən düşünürəm ki, Ermənistan nəyəsə arxalanmır, yalnız ümid edir. Amma heç şübhəsiz ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu sülh müqaviləsi imzalansa da, imzalanmasa da Azərbaycan öz işini görəcək. Çünki biz torpaqlarımızı sülh yolu ilə yox, ordumuzun gücü ilə, silahla, hərbi-iqtisadi, mənəvi gücümüzlə əldə etmişik. Məhz bu səbəblərdən, Azərbaycan bu gün özünə, hərbi-iqtisadi gücünə arxalanır", - deyə Milli Məclisin deputatı vurğulayıb.
Deputat əlavə edib ki, heç kəs Ermənistanın nazı ilə oynamayacaq, çünki dünyanın marşrut xətləri var ki, onlar işləməlidir. Həm Şərqdən, həm də Qərbdən olan təzyiqlər Ermənistanı məcbur edəcək ki, yolları açsın. Xüsusilə məlumdur ki, söhbət Zəngəzur dəhlizindən gedir. Bu dəhliz işləməlidir. Ermənistan kimi mahiyyəti bəlli olmayan arqumentlərlə çıxış edən bir ölkənin həyati əhəmiyyəti olan bir yolu bağlama potensialı yoxdur. Bunu dünya qəbul edə bilməz. Bu dünyada həqiqət yolkəsənlərin yox, yolaçanların yanındadır.
Aytac Əliyeva
Twitter: a_alieva_







