Zəngəzur dəhlizi bütün Türk dünyasını və region dövlətlərini birləşdirəcək - Naqif Həmzəyev (ÖZƏL)

Zəngəzur dəhlizi bütün Türk dünyasını və region dövlətlərini birləşdirəcək - Naqif Həmzəyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Zəngəzur dəhlizi bütün Türk dünyasını və region dövlətlərini birləşdirəcək.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

"Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar respublikanın bütün şəhər və rayonlarında tədbirlər keçirildi. Bu tədbirlərin ən önəmlisi, bəlkə də ən yaddaqalanı Şuşa şəhərində "Xarıbülbül" festivalının keçirilməsi və Ulu öndər Heydər Əliyevin 100 illiyinin orda qeyd olunması idi. Xüsusilə də, Möhtərəm Prezidentimiz İlham Əliyevin 10 may tarixində Şuşa şəhərindən xalqa müraciət etməsi bizim zəfərimizin, qələbəmizin bizə qazandırdığı ən böyük uğurlardan biridir. Cənab Prezidentin Şuşadan xalqa olan müraciəti, Şuşanın yenidən dirçəlməsinin, cənnət məkana çevrilməsinin sübutudur. Ulu öndər Heydər Əliyevin ən böyük arzusu, istəyi torpaqlarımızın, xüsusilə də, Şuşanın işğaldan azad olunması idi. Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir, incisidir. Şuşasız Qarabağ və Şərqi Zəngəzur ola bilməzdi. Bu baxımdan zəfərimiz bizim üçün nə qədər əziz və doğmadırsa, Şuşanın işğaldan azad olunması da bir o qədər bizlər üçün önəmlidir",- deyə deputat qeyd edib.

Naqif Həmzəyev bildirib ki, Azərbaycan Silahlı qüvvələri Ermənistan tərəfinin yaratdığı mərhələli müdafiə xətlərini asanlıqla keçdilər və işğala son qoydular. Rəşadətli ordumuz misli bərabəri görünməyən bir qələbə əldə etdi. Ali baş komandan, cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində zəfər qazanaraq Azərbaycanın adını dünya tarixinə yazdı. Ali baş komandan İlham Əliyev bu zəfərlə hərb tarixinə həm öz adını, həm də Azərbaycan Silahlı qüvvələrinin adını əbədi qeyd etdi. Dünyanın əksər hərbi akademiyalarında, məktəblərində Azərbaycan Silahlı qüvvələrinin sürətli əməliyyatlarını və müasir silahlardan istifadə edə bilmək bacarığını öz kursantlarına, tələbələrinə öyrədirlər. Biz yalnız torpaqlarımızı işğaldan azad etmədik, həm də regionda aparıcı gücə çevrildik.

"44 günlük Vətən müharibəsindən sonra ölkə başçısının rəhbərliyi ilə Azərbaycan Silahlı qüvvələrinin daxilində islahatlar həyata keçirilir. Türkiyə ordu modeli əsasında komando tipli hərbi birləşmələr, hərbi hissələr formalaşdırılır. Daha çox professional hərbçilərdən ibarət ordu modelinə keçidi həyata keçiririk. Ən müasir silahlar Azərbaycan Silahlı qüvvələrinin inventarına daxil edilir. Bütün bunlarla yanaşı, biz bu zəfəri əldə etməklə regionda uzunmüddətli sülhün tərəfdarıyıq. Regionda bütün kommunikasiyaların açılması bizim əsas hədəflərimizdən biridir. Xüsusilə də, biz Zəngəzur dəhlizinin Zəngilanla Naxçıvanı birləşdirəcək dəmiryolu xəttinin istifadəyə verilməsinin tərəfdarıyıq. Bununla da əlaqədar olaraq, Azərbaycan öz ərazilərində quruculuq-abadlıq işlərini, dəmiryolu və avtomobil yolu xətlərinin çəkilişini həyata keçirir və bu yolun açılması ilə Naxçıvanla Zəngilan birləşəcək. Nəticə etibarilə də, Türkiyədən Azərbayacana dəmiryolu və avtomobil yolu xətləri işə düşəcək. Qlobal məkanda isə Türk dünyası və region dövlətləri bu xətt vasitəsilə birləşəcəkdir", - deyə Milli Məclisin deputatı vurğulayıb.

Deputat əlavə edib ki, həm Azərbaycan üçün, həm region dövlətlər üçün, ən çox isə Ermənistan üçün bu kommunikasiyanın açılması önəmlidir. Çünki faktiki olaraq, Ermənistan blokada vəziyyətindədir. Zəngəzur dəhlizinin, koridorunun və o cümlədən, regiondakı bağlanmış kommunikasiyaların yenidən bərpa olunması region xalqlarının iqtisadi inkişafına gətirib çıxaracaq. Nəticədə, uzunmüddətli sülhün yaranmasına, bərqərar olmasına, və davamlılığına şərait yaranacaq.

"Biz sevinirik ki, Qarabağ yenidən dirçəlir, torpaqlarımız işğaldan azad olunduqdan sonra keçmiş məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması üçün işlər görülür. Ağalı kəndinə, Talış kəndinə və tezliklə də Laçına biz köçün şahidi olacağıq. Mərhələli şəkildə digər rayonlarımıza da bizim keçmiş məcburi köçkünlərimiz qayıdacaqlar və Qarabağın, Şərqi Zəngəzurun dirçəlməsi Azərbaycan iqtisadiyyatına öz müsbət töhfələrini verəcəkdir. Ölkə iqtisadiyyatı daha da güclənəcək, bu isə birbaşa vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına təsirini göstərəcəkdir", - deyə Naqif Həmzəyev qeyd edib.

Milli Məclisin deputatı vurğulayıb ki, biz Möhtərəm cənab Prezidentimizin ətrafında sıx birləşmişik, onun həm daxili, həm xarici siyasətini dəstəkləyirik və inanırıq ki, biz tezliklə qarşımıza qoyduğumuz bütün məqsədləri həyata keçirə biləcəyik.

Aytac Əliyeva

Twitter: a_alieva_