Son dəqiqə

Azərbaycan Ermənistan Naqif Həmzəyev Özəl

Ermənilərdən fərqli olaraq, biz torpaqlarımıza sahib çıxdıq, bu torpaqları müasir yanaşmalara uyğun olaraq yenidən qururuq - Naqif Həmzəyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Biz ermənilərdən fərqli olaraq, biz torpaqlarımıza sahib çıxdıq, biz torpaqlarımıza həyat verməyə başladıq. Qardaş ölkələrin şirkətlərinin də iştirakı ilə bu torpaqları müasir yanaşmalara uyğun olaraq yenidən qururuq, yenidən yaradırıq.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

"Təəssüflər olsun ki, 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında saxlanılıb. Bu müddət ərzində işğal altında olan torpaqlarda bütün infrastruktur dağıdılıb, vandal siyasət yeridilib və daşı daş üstündə qoymayıblar. Bununla da kifayətlənməyib hətta bizim qəbirlərimizi belə təhqir etdilər. Tarixi-mədəni, dini abidələrimizi dağıtdılar. Məscidlərimizdə donuz saxladılar. Bir sözlə, torpaqlarımızı məhv etdilər. Bununla da yanaşı işğal altında olan torpaqların flora və faunasına çox böyük ziyan vurdular, meşə massivini darmadağın etdilər. Bu əraziləri tamamilə məhv etməyə çalışdılar. Bunların hamısı onu deməyə əsas verir ki, ermənilərin bu torpaqlarla heç bir əlaqəsi yoxdur, onlar bu torpaqları özünkü hesab etmirdilər, bu ərazilərin resurslarını öz məqsədləri üçün mənimsəyirdilər", - deyə deputat bildirib.

Naqif Həmzəyev qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı ilə torpaqlarımızı işğaldan azad etdi. Üç ilə yaxın bir müddət ərzində möhtərəm Prezidentimizin birbaşa nəzarətilə işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda quruculuq-abadlıq işləri həyata keçirilir. İlkin olaraq, yollar çəkilib və proses hal-hazırda da davam etməkdədir. Relyefi çətin və ağır olan ərazilərdə belə elektrik enerjisi ilə təminat həyata keçirilir, tunellər çəkilir. Bütün şəhər və rayonların, qəsəbələrin, kəndlərin baş planları hazırlanır, yaşıl enerjiyə, yaşıl iqtisadiyyata əsaslanan ağıllı kənd və şəhərlərin tikintisi planlaşdırılır.

"Biz Ağalı kəndində bunu gördük, Talış kəndində gördük, hal-hazırda Laçın rayon mərkəzində quruculuq işləri görürük ki, bizim məcburi köçkünlərimiz öz torpaqlarına qayıtsın. Bununla yanaşı, Ağdamda, Füzulidə, Cəbrayıl rayonlarında bu işlər davam etməkdədir. Qarabağın və Şərqi Zəngəzurun tacı olan Şuşa şəhəri də quruculuq-abadlıq işlərinin mərkəzidir. Bizim ilk günlərdə etdiyimiz səfərlər zamanı gördüyümüz dağıntılardan əsər-əlamət qalmayıb. Bu torpaqlar bizim idi, biz torpaqlarımızı yenidən cənnət məkana çevirmək istəyirik və bunun üçün Azərbaycan dövləti milyardlarla vəsait ayırıb. Biz heç vaxt Qarabağda olmayan hava limanlarının tikintisini həyata keçirmişik. Artıq iki böyük hava limanı istifadəyə verilib. Füzuli, Zəngilan və Laçında da biz gələn il beynəlxalq hava limanlarının istifadəyə verilməsinin şahidi olacağıq. Bir sözlə ermənilərdən fərqli olaraq, biz torpaqlarımıza sahib çıxdıq, biz torpaqlarımıza həyat verməyə başladıq. Qardaş ölkələrin şirkətlərinin də iştirakı ilə bu torpaqları müasir yanaşmalara uyğun olaraq yenidən qururuq, yenidən yaradırıq. 2025-ci ilə qədər çoxlu sayda keçmiş məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıdacaqlar və bu ərazilər regionun turizm məkanına çevriləcəkdir", - deyə Milli Məclisin deputatı vurğulayıb.

Deputat yekun olaraq, rəşadətli ordumuza və Möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirib. Bu gün bizim öz dədə-baba torpaqlarımıza gedə bilməyimizin sevincini bölüşüb.

Mövzuya görə xəbərlər