Son dəqiqə

Azərbaycan Türkiyə Naqif Həmzəyev

Biz Türkiyədəki seçkilərdə növbəti dəfə AK Parti və onun lideri Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyinə inanırıq - Naqif Həmzəyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Biz Türkiyədəki seçkilərdə növbəti dəfə AK Parti və onun lideri Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyinə inanırıq.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

"Türkiyədə keçiriləcək Prezident və parlament seçkilərinə diqqət çox böyükdür. Dünyanın gözü Türkiyədədir. Azərbaycan və Türkiyə strateji müttəfiq, qardaş dövlətlərdir. Türk xalqının doğru seçim edəcəyinə, Türkiyəni dünya gücünə çevirən və Türkiyəyə zəfərlər qazandıran liderə səs verəcəklərinə biz inanırıq. Azərbaycan vətəndaşı olaraq biz, Türkiyədə inkişafın, tərəqqinin davam etməsinin tərəfdarıyıq. Bu baxımdan da düşünürük ki, bu seçkilərdə də növbəti dəfə AK parti və onun lideri Rəcəb Tayyib Ərdoğan qalib gələcəkdir", - deyə deputat bildirib.

Naqif Həmzəyev vurğulayıb ki, Türkiyə xalqı yenidən eyni siyasətin davamına səs verəcəkdir.

"Heç kəsə sirr deyil ki, ötən 20 il ərzində Türkiyə regional gücdən qlobal gücə çevrilib, artıq Türkiyə beynəlxalq konfliktlərin həllində koordinator rolunu oynayır. Dünyanın bir çox yerində baş vermiş münaqişələrin həllində vasitəçilik edir. Ən əsası isə Cənubi Qafqazda Azərbaycanın haqq savaşının ölkəmizin qələbəsi ilə başa çatmasında öz mövqeyini ortaya qoydu və bu gün də Azərbaycanın daxili və xarici siyasətini qeyri-şərtsiz dəstəkləməyə davam edir. Azərbaycan-Türkiyə münasibətləri artıq elə bir səviyyəyə çatıb ki, biz iki dövlət, tək millətik və son illərdə qarşılıqlı dəstək, qarşılıqlı etimad onu deməyə imkan verir ki, biz Türkiyənin daha da güclü olması üçün əlimizdən gələni etməyə hazırıq. Eynisini Türkiyə həmişə Azərbaycan üçün edib", -deyə Milli Məclisin deputatı qeyd edib.

Son olaraq Naqif Həmzəyev əlavə edib ki, Türkiyənin yüzilliyində yenidən məhz Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi, ölkənin yeni yüzilliyə daxil olduğu müddətdə daha güclü olmasına dəlalət edəcək. Türkiyə növbəti illərdə də güclənmə dinamikasını davam etdirəcək, türk xalqının rifahını yaxşılaşdırmağa davam edəcəkdir. Qarşıdan gələn seçkilərdə Türkiyəyə uğurlar arzulayır və doğru seçim edəcəklərinə inanırıq.

Mövzuya görə xəbərlər