Son dəqiqə

Azərbaycan Ermənistan Naqif Həmzəyev

Ermənistan Azərbaycanın onlar üçün yaratdığı imkanları düzgün istifadə etməsə, öz müstəqilliyini itirə bilər - Naqif Həmzəyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Ermənistan Azərbaycanın onlar üçün yaratdığı imkanları düzgün istifadə etməsə, öz müstəqilliyini itirə bilər.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

"Təəssüflər olsun ki, son zamanlar Ermənistan daha da aqressivləşib və ölkədə revanşist fikirlər daha da güclənib. Bunun ilk növbədə, əsas səbəbi Avropa ittifaqının müşahidə missiyasının Ermənistana göndərilməsi, daha sonra isə İranla Ermənistan arasında hərbi sazişin əldə edilməsidir. Sazişin nəticəsi olaraq, Ermənistanda hərbi təlimlərin keçirilməsi, yeni silah-sursatın verilməsi, Ermənistana dron və İran tərəfindən xüsusi təlim görmüş hərbçilərin göndərilməsi və son iki ilə yaxın müddətdə Ermənistana bir milyarddan çox silah-sursatın hədiyyə, yaxud ianə edilməsidir ki, bunlar müəyyən dərəcədə Ermənistan siyasi və hərbi rəhbərliyini, revanşist qüvvələrini, separatçıları daha da cəsarətləndirir. Ermənilər düşünürlər ki, şərti sərhəd ərazisində törətdikləri hansısa bir təxribat sülh danışıqları zamanı onların daha uğurlu nəticələr əldə etməsinə töhfələr verə bilər və ya seperatçıların həyata keçirdikləri hansısa təxribatlar, nəticə etibarilə, Azərbaycan tərəfinin onlara qarşı hər hansı güzəştlər etmə ehtimalına gətirib çıxara bilər", - deyə deputat bildirib.

Naqif Həmzəyev vurğalayıb ki, ermənilərin təxribat xarakterli addımlar atmasının bəlkə də ən gizli səbəblərindən biri, sülh danışıqları prosesini uzatmaq, vaxt qazanmaq ve prosesləri öz xeyirlərinə dəyişməkdir.

"İstənilən halda Azərbaycanın mövqeyi qətidir, Azərbaycan mövqeyini sonuna qədər müdafiə edəcəkdir. Beynəlxalq təskilatlar, beynəlxalq ictimaiyyət Azərbaycanın haqq savaşını artıq qəbul edib və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində atdığı bütün addımlar dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Buna qarşı çıxan erməni havadarları, hansısa beynəlxalq güclər isə zamanla bu prosesləri qəbul etmək məcburiyyətində qalacaqlar. Şərti sərhəd ərazilərində Azərbaycan silahlı qüvvələri bütün döyüş əməliyyatlarına nəzarət etməkdədir və mən düşünürəm ki, ermənilərin həqiqətən də bu cür təxribatlar törətməsi, onların daha rüsvayçı məğlubiyyətlə üzləşməklərinə gətirib çıxaracaq, bu da nəticə etibarilə ermənilərə çox böyük ziyandır. İrimiqyaslı hansısa təxribatlar ümumilikdə Ermənistanın müstəqilliyini belə sual altına ala bilər", - deyə deputat qeyd edib.

Naqif Həmzəyev son olaraq bildirib ki, baxmayaraq, Ermənistan onlara uzadılan sülh əlini düzgün dəyərləndirmədi, amma qısa müddətdə Azərbaycanla münasibətləri yaxşılaşdırmalı və Azərbaycanın onlar üçün yaratdığı imkanları düzgün istifadə etməlidir. Əks təqdirdə zamanla bu fürsətlər Ermənistana verilməyə bilər və Ermənistan özünü ağır blokada şəraitinə salmış olar, nəticədə isə Ermənistan öz müstəqilliyini itirə bilər.

Mövzuya görə xəbərlər