BAKI,TurkicWorld
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxa ilə görüşərək Ermənistanla davam edən sülh prosesini müzakirə edib.
TurkicWorld xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilib.
Tərəflər Azərbaycan–Albaniya ikitərəfli münasibətlərinin gündəliyini nəzərdən keçirib, davamlı siyasi dialoqun, yüksək səviyyəli təmasların və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.
Ceyhun Bayramov Azərbaycanın əsas enerji və nəqliyyat bağlantısı layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə məlumat verib.
Azərbaycanın xarici işlər naziri, həmçinin regional vəziyyət, münaqişədən sonrakı reallıqlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə qarşı tərəfə məlumat təqdim edib.
Görüş zamanı Ermənistanla Azərbaycan arasında davam edən sülh səyləri və bölgədə sabitliyin təmin olunması istiqamətində görülən işlər də müzakirə olunub.
Tərəflər beynəlxalq platformalarda əməkdaşlığın davam etdirilməsinin və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsinin vacibliyini qeyd ediblər.







