BAKI,TurkicWorld
Çexiyanın paytaxtı Praqada yerləşən CEVRO Universitetində siyasətçilər, tələbələr, akademiklər və ictimaiyyət nümayəndələrinin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla açıq görüşü keçirilib. Çexiyadakı "Land of Fire" cəmiyyətinin təsisçisi və Şərqi Avropa üzrə Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev də görüşdə iştirak edib. Soydaşımız Ermənistan prezidentinə vacib və sərt sual ünvanlayıb.
Ermənistan prezidenti çıxışında Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri, Qarabağda baş vermiş hadisələr, 2020-ci il müharibəsi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə olunmuş sülh razılaşmasından və regional əməkdaşlıq perspektivlərindən danışıb.
Tədbirdə iştirakçılar üçün ayrıca sual-cavab sessiyası nəzərdə tutulmayıb. Buna baxmayaraq Fərid Əmirəliyev cəsarət göstərərək prezidentə Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan mina məsələsi ilə bağlı sual ünvanlayıb. Soydaşımız Azərbaycan ərazilərində mina təhlükəsinin davam etdiyini diqqətə çatdırıb və minalanmış sahələrin tam və dəqiq xəritələrinin Azərbaycana nə vaxt təqdim ediləcəyini soruşub. O, Azərbaycanla Ermənistan arasında sülh prosesinin davamlı olmasının arzu edildiyini və mina probleminin mülki insanların həyatına ciddi təhlükə törətdiyini vurğulayıb.
Ermənistan prezidenti suala cavabında bildirib ki, Azərbaycanın müraciətləri əsasında Ermənistanın əlində olan mina xəritələri, məlumatlar və digər materiallar təqdim edilib. O, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş təxminən 4 min azərbaycanlının taleyi ilə bağlı Ermənistanın əlində olan məlumatların da Azərbaycana verildiyini qeyd edib. Lakin Ermənistan prezidenti ona ünvanlanan əsas suala – Azərbaycan ərazilərindəki minalanmış sahələrin tam və dəqiq xəritələrinin nə zaman təqdim ediləcəyi sualına konkret tarix və ya müddət göstərilməklə cavab verməyib.
Görüş başa çatdıqdan sonra Vaaqn Xaçaturyan Fərid Əmirəliyevə yaxınlaşaraq onun əlini sıxıb və belə bir sualı açıq şəkildə səsləndirdiyinə görə onu təbrik edib.
Daha sonra bir sıra tədbir iştirakçıları F.Əmirəliyevə yaxınlaşaraq mina problemini Ermənistan prezidentinin qarşısında gündəmə gətirdiyinə görə ona təşəkkür və təbriklərini çatdırıblar.
F.Əmirəliyev bildirib ki: "Sülh yalnız siyasi bəyanatlarla deyil, insanların təhlükəsizliyinin təmin olunması ilə də ölçülür. Azərbaycan ərazilərindəki minalar bu gün də insanların həyatına təhlükə yaradır. Ona görə də belə bir platformada bu məsələni Ermənistan prezidentinin qarşısında səsləndirməyi vacib hesab etdim".







