Son dəqiqə

İsrail ABŞ Suriya Rufiz Hafizoğlu Livan

Suriya ilə razılaşma mümkündür, lakin Livanda vəziyyət tamamilə fərqlidir - Rufiz Hafizoğlu

BAKI,TurkicWorld

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya qoşunların Livan və Suriyadan çıxarılması zərurətini bildirib.

TurkicWorld xəbər verir ki, siyasi şərhçi Rufiz Hafizoğlu "Bakupost"a bildirib ki, Netanyahu hökuməti Trampın xəbərdarlığını qismən təmin edəcək.

Onun sözlərinə görə, müəyyən şərtlər daxilində İsrail qoşunları Suriyadan çıxara bilər:

“Tramp həqiqətən də Netanyahudan Suriya və Livandan qoşunları çıxarmağı tələb edib. Amma bu tələbin nə qədər yerinə yetiriləcəyi ciddi sual altındadır. Burada iki yanaşma var, yəni İsrail qoşunlarını həm Suriya, həm də Livan ərazisindən çıxarmalıdır. Suriya məsələsinə gəldikdə, ehtimallar onu deməyə əsas verir ki, bəzi şərtlər daxilində Təl-Əviv bu ölkədən qoşunlarını çıxara bilər”.

Ekspert qeyd edir ki, İsrailin Suriya qarşısında şərtləri ilk növbədə rəsmi Dəməşqlə rəsmi Təl-Əviv arasında tam təhlükəsizlik mühitinin yaranması, İsrailin bölgədə mövcud sərhədlərini tanıyan bir müqavilənin imzalanmasıdır:

“Digər tərəfdən, Dəməşqin “İbrahim sazişi”nə qoşulması baş verərsə, İsrailin, Colan yüksəkliyi istisna olmaqla, Suriyada hakimiyyət dəyişikliyi fonunda fürsətdən istifadə edərək ələ keçirdiyi torpaqlardan çıxması ehtimalı baş verə bilər. Yəni bu yalnız Suriyanın “İbrahim sazişi”nə qoşulması müqabilində olacaq”.

Müsahibimiz deyir ki, Livanla bağlı məsələ isə fərqlidir:

“İsrailin Livanda yeganə problemi İranın “göz bəbəyi” sayılan “Hizbullah”dır. Bu baxımdan, “Hizbullah” tam məhv olmayınca, onun silahları Livan dövlətinin nəzarətinə verilməyincə, həmin qruplaşma döyüşçüləri həbs olunmadıqca və Beyrut Tehranla bütün diplomatik münasibətləri dondurmadıqca, İsrailin oradan qoşunlarını çıxaracağı inandırıcı görünmür”.

Mövzuya görə xəbərlər