BAKI,TurkicWorld
Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti mürəkkəb olaraq qalır və hərbi əməliyyatların davam etdiyi ərazilərə səfər edən Azərbaycan vətəndaşları son dərəcə ehtiyatlı olmalıdırlar.
TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə birgə Bakıda keçirdiyi brifinqdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, hərbi əməliyyatların və silahlı toqquşmaların baş verdiyi bölgələrdə vəziyyət çox sürətlə dəyişə bilir. Onun sözlərinə görə, belə şəraitdə həm diplomatik mexanizmlər, həm də aidiyyəti dövlət qurumları fəaliyyətlərini koordinasiyalı şəkildə həyata keçirirlər.
C.Bayramov qeyd edib ki, Xarici İşlər Nazirliyi mütəmadi olaraq vətəndaşları mövcud risklər barədə məlumatlandırır və onları rəsmi xəbərdarlıqları diqqətlə izləməyə çağırır.
"İnsanlar hər hansı ölkəyə səfər etməzdən əvvəl Xarici İşlər Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının tövsiyələrini nəzərə almalı, vəziyyəti düzgün qiymətləndirməlidirlər. Hər hansı fövqəladə vəziyyət baş verdikdə isə ilk növbədə həmin dövlətin rəsmi orqanlarının göstəriş və tövsiyələrinə əməl olunması vacibdir. Çünki həmin ölkənin ərazisində təhlükəsizlik tədbirlərini ilk növbədə məhz o dövlət həyata keçirir", - deyə o vurğulayıb.
Nazir xatırladıb ki, Yaxın Şərqdə son aylarda baş verən hadisələr zamanı Azərbaycan da bu cür vəziyyətlərlə üzləşib.
"İmkan yaranan kimi Azərbaycan dövləti, Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlar ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq vətəndaşlarımıza lazımi dəstəyi göstərir və onların təhlükəsiz şəkildə ölkəyə qayıtması istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər", - deyə o bildirib.
C.Bayramov əlavə edib ki, müxtəlif münaqişə bölgələrində çətin vəziyyətdə qalan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması, onlara yardım göstərilməsi və təxliyəsinin təşkili istiqamətində aidiyyəti dövlət qurumları və tərəfdaş ölkələrlə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Nazir sonda Azərbaycan vətəndaşlarını hərbi münaqişələrin davam etdiyi ölkələrə getməməyə çağırıb.
"Azərbaycan vətəndaşlarının hərbi münaqişələrdə iştirak etmək məqsədilə bu ölkələrə getməsi yolverilməzdir. Bu, ilk növbədə onların öz həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır və ağır nəticələrə səbəb ola bilər", - deyə C.Bayramov qeyd edib.







