BAKI,TurkicWorld
WUF13 kimi mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasətin yeni uğuru olub.
TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
Spiker vurğulayıb ki, sessiyada dünya ölkələrindən rekord sayda – 60 minədək nümayəndənin iştirak etməsi etibarlı tərəfdaş və qlobal dialoq məkanı kimi Azərbaycanın nə qədər böyük etimad qazandığını bir daha nümayiş etdirib.
Prezident İlham Əliyev forumun açılışında etdiyi çıxışda Bakıda və ölkəmizin digər bölgələrində müasir şəhərsalma sahəsində həyata keçirilən layihələrdən danışdı. Prezident İlham Əliyev xüsusi qeyd etdi ki, Azərbaycanda şəhərsalma ənənələri dərin tarixi köklərə malikdir. Əsrlər boyu burada zəngin şəhər mədəniyyəti formalaşmış, nadir memarlıq abidələri yaradılıb. Bu gün Azərbaycan tarixi irsini qorumaqla yanaşı, həm də dayanıqlı inkişafın müasir standartlarını və şəhərsalmada qabaqcıl yanaşmaları tətbiq edir. Bu baxımdan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri müstəsna əhəmiyyətə malikdir. Qarabağda və Şərqi Zəngəzurda, sadəcə, yeni yaşayış məntəqələri deyil, həm də müasir yaşayış mühiti yaradılır.
Sahibə Qafarovanın sözlərinə görə, əlamətdar haldır ki, 2026-cı il ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunub:
"Ümumdünya Şəhərsalma Forumunun məhz belə bir dövrdə keçirilməsi onu göstərir ki, şəhərsalma, memarlıq və dayanıqlı inkişaf məsələləri Azərbaycanın təkcə daxili gündəliyində deyil, həm də beynəlxalq fəaliyyətində mühüm yer tutur".
Sədr Forumun işində Milli Məclisin deputatlarının iştirakını xüsusi qeyd edib:
"Onlar panel sessiyalarında həm fəal iştirak edib, həm də müzakirələrdə maraqlı çıxışlar ediblər. Qeyd edim ki, dayanıqlı inkişafın parlament ölçüsü getdikcə daha böyük əhəmiyyət kəsb edir. Qanunvericilik orqanları müasir şəhərsalma, ekoloji təhlükəsizlik, ərazilərin səmərəli idarə olunması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi üçün hüquqi əsasların yaradılmasında önəmli rol oynayırlar", - deyə o fikrini yekunlaşdırıb.







