BAKI,TurkicWorld
Azərbaycan sülh gündəliyini təşviq edir və münaqişələrin həllində regional yanaşmanı effektiv hesab edir.
TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik vəziyyətinin formalaşmasında əsas rol oynayıb.
"Ermənistan-Azərbaycan münaqişəsi artıq keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini siyasi və hərbi-siyasi vasitələrlə bərpa edib", - deyə o bildirib.
H. Hacıyev qeyd edib ki, Bakı beynəlxalq tərəfdaşların dəstəyi ilə Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.
"Keçən ilin avqust ayında Amerika tərəfinin iştirakı ilə biz iki ölkə arasında normallaşma prosesinə start verdik", — deyə o xatırladıb.
Prezidentin köməkçisinin sözlərinə görə, əvvəlki xarici nizamlanma mexanizmləri səmərəsiz olub.
"30 il ərzində ATƏT-in Minsk qrupu xaricdən tətbiq olunmuş format kimi çıxış edib və münaqişənin həllini təmin edə bilməyib", -deyə o bildirib.
H. Hacıyev vurğulayıb ki, Azərbaycan regional məsuliyyətə və praktik nəticələrə üstünlük verir.
"Bu onu göstərir ki, ölkələr region üzrə tam məsuliyyəti öz üzərinə götürdükləri təqdirdə, nəticə əldə etməyə qadir olurlar. Bu gün Cənubi Qafqaz daha sülhsevər regiondur", — deyə o əlavə edib.







