BAKI, TurkicWorld
Martın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuralıyev ilə görüşüb.
Xarici İşlər Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti və regionda müşahidə olunan eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb.
İran İslam Respublikası ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı həyata keçirilmiş dron hücumları pislənilib, bu hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət etdiyi bildirilib.
Artan geosiyasi gərginliklər və beynəlxalq təhlükəsizlik mühitində TDT çərçivəsində həmrəyliyin və koordinasiyanın gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
xxx
17:05
Türkiyədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev arasında görüş keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə, mövcud regional təhlükəsizlik vəziyyəti, xüsusən də İranın Azərbaycana qarşı həyata keçirdiyi pilotsuz təyyarə hücumları müzakirə edilib.
Həmçinin türk dövlətləri arasında koordinasiyanın daha da gücləndirilməsi və praktik əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində işgüzar səfərdədir.







