Son dəqiqə

İran Naxçıvan Muxtar Respublikası Elçin Mirzəbəyli İsrail İran hücumu İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi İran-İsrail müharibəsi

Ölkənin təhlükəsizliyinə və vətəndaşlarının həyatına yönəlmiş təhdidlər cavabsız qalmayacaq – Elçin Mirzəbəyli

BAKI,TurkicWorld

İran Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə dron zərbəsinin endirilməsi təkcə hərbi insident kimi deyil, həm də regionda uzun illər formalaşmış qonşuluq münasibətlərinə qarşı açıq hörmətsizlik kimi qiymətləndirilməlidir. Bu addım İranın teokratik rejiminin nə qədər riyakar və nankor olduğunu bir daha ortaya qoyur. Çünki Azərbaycan dövləti tarix boyu İranla münasibətlərində qarşıdurma yolunu deyil, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipini əsas götürüb.

Bu fikirləri TurkicWorld-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli deyib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri həmişə qonşu dövlətlərlə sabit və qarşılıqlı faydalı münasibətlərin qurulması olub:

"Azərbaycanın ərazisindən nə İran üçün, nə də başqa hər hansı dövlət üçün heç vaxt təhlükə yaradılmayıb. Əksinə, rəsmi Bakı daim regionda sabitliyin qorunmasına töhfə verən addımlar atıb və qonşu ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalıb. Bu, Azərbaycanın beynəlxalq hüquqa və dövlətlərarası münasibətlərin fundamental prinsiplərinə bağlılığının aydın göstəricisidir".

Deputatın sözlərinə görə, bütün bunlara baxmayaraq, İran tərəfinin Naxçıvan ərazisində mülki infrastrukturu, xüsusilə də mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəfə alması ciddi suallar doğurur:

"Belə bir hücum nə hərbi zərurətlə, nə də təhlükəsizlik arqumentləri ilə əsaslandırıla bilər. Mülki infrastruktura qarşı dron hücumu beynəlxalq humanitar hüquq baxımından qəbuledilməzdir və bu cür addımlar açıq şəkildə terror aktı kimi qiymətləndirilməlidir. Dinc sakinlərin istifadə etdiyi obyektlərin hədəf alınması, ilk növbədə, mülki əhaliyə qarşı yönəlmiş təhlükəli və qeyri-insani davranışın göstəricisidir".

E.Mirzəbəyli əlavə edib ki, bu hadisə İranın niyə məhz Naxçıvan Hava Limanını hədəf seçdiyi sualını da gündəmə gətirir:

"Məlum olduğu kimi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsi uzun illərdir blokada şəraitindədir. Bu blokadanın əsas səbəblərindən biri Ermənistanın regionda həyata keçirdiyi işğal və təcrid siyasəti olub və bu siyasət uzun müddət müxtəlif regional aktorlar tərəfindən dolayısı ilə dəstəklənib. Nəticədə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında ən sabit və operativ əlaqə məhz hava nəqliyyatı vasitəsilə təmin olunur. Deməli, hava limanının hədəfə alınması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında həyati əhəmiyyət daşıyan kommunikasiya xəttini iflic etmək və bölgəni təcrid vəziyyətinə salmaq cəhdi kimi qiymətləndirilməlidir.

Bu taktika region üçün yeni deyil. 1990-cı illərdə Ermənistan Azərbaycan ərazilərini işğal etdiyi dövrdə də eyni strategiyadan istifadə etmiş, nəqliyyat və kommunikasiya xətlərini hədəfə almaqla ölkəni iqtisadi və logistik təzyiq altında saxlamağa çalışmışdı. Bu baxımdan İranın belə bir üsula əl atması regionda daha əvvəl tətbiq edilmiş blokada və təcrid siyasətinin təkrarı kimi görünür".

Milli Məclisin üzvü bildirib ki, mülki infrastruktura dron hücumu təşkil etmək hərbi güc nümayişi deyil:

"Əksinə, bu cür addımlar siyasi və hərbi acizliyin, eyni zamanda qorxaqlığın açıq göstəricisidir. Hərbi üstünlüyə malik dövlətlər mülki obyektləri hədəf almır. Mülki hava limanının vurulması isə göstərir ki, məqsəd hərbi nəticə əldə etmək deyil, psixoloji təzyiq yaratmaq və sabitliyi pozmaqdır.

Tarix isə göstərir ki, Azərbaycana qarşı aqressiv addımlar atan qüvvələr sonda öz səhvlərinin ağır nəticələri ilə üzləşiblər. Azərbaycan dövlətinin suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı təhdid gec-tez adekvat cavabını alıb və bu addımları atan tərəflər bundan peşman olublar".

"Rəsmi Bakı beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə və mehriban qonşuluq prinsiplərinə sadiq qalmaqda davam edir. Lakin bu o demək deyil ki, ölkənin təhlükəsizliyinə və vətəndaşlarının həyatına yönəlmiş təhdidlər cavabsız qalacaq.

Regionda sülh və sabitliyin yolu qarşıdurmadan deyil, qarşılıqlı hörmət və məsuliyyətli siyasətdən keçir. "Molla rejimi" bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar", - deyə o fikrini yekunlaşdırıb.

Mövzuya görə xəbərlər