Bakı, TurkicWorld
Azərbaycan nümayəndələrini AŞPA-da görmək istəməyən parlament üzvlərini Azərbaycanda görmək kimi bir niyyətimiz yoxdur.
TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə dair şərhində deyilir.
"AŞPA daxilində Azərbaycana qarşı son illər, xüsusilə də ərazilərimizin Ermənistan işğalından azad edilməsindən sonra qərəzli yanaşmalar, ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salınmağa yönəlmiş cəhddir. AŞPA-da təmsilçilik Azərbaycanın haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsi zəruridir.
Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri barədə məsələyə səs verdiklərinə görə Avropa Şurası Parlament Assambleyası deputatlarının Azərbaycana girişinə qoyulan qadağa ilə bağlı fikirlərə gəldikdə qeyd edək ki, bu qərar Azərbaycan Respublikasının qanunvericiliyi əsasında suveren hüququmuz çərçivəsində atılıb və bu tədbir bir çox ölkələrin, o cümlədən Avropa Şurası üzv dövlətlərinin mövcud təcrübəsinə uyğundur. Azərbaycan nümayəndələrini AŞPA-da görmək istəməyən parlament üzvlərini Azərbaycanda görmək kimi bir niyyətimiz və öhdəliyimiz yoxdur", - deyə A.Hacızadə bildirib.