...

Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq müstəvidə qəbul olunur və dəstəklənir

Siyasət Şərh 21 Yanvar 2022 16:27
TurkicWorld Mustafa Askerbeyli
Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq müstəvidə qəbul olunur və dəstəklənir

Bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir və etibarlı tərəfdaş imicini qazanıb. Həm Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun böyük müsbət nəticələri özünü göstərdi. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir.

Məsələ ilə bağlı TurkicWorld-a açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Azərbaycanın 44 günlük müharibədə qələbəsinin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsi, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, istisnasız olaraq, Prezident İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir.

O qeyd edib ki, döyüş əməliyyatlarının həyata keçirildiyi zaman kəsiyində dövlət başçısının informasiya savaşının ön cərgəsində dayanaraq, Azərbaycanın haqlı mövqeyini tutarlı faktlarla, arqumentlərlə və əks arqumentlərlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması, Ermənistanın və havadarlarının, erməni diasporunun uzun illərdən bəri ölkəmizə qarşı apardığı total təbliğatın yüksək natiqlik və diplomatik məharətlə alt-üst edilməsi, Azərbaycanın maraqlarının beynəlxalq və ikitərəfli münasibətlər müstəvisində müdafiə olunması istiqamətində nümayiş etdirilən qətiyyətli mövqe bugünkü reallıqların ortaya çıxmasına zəmin yaradıb.

“Prezident İlham Əliyevin yerli telekanallara müsaibəsində dediyi kimi, bu iş tədricən həyata keçirilib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin, bir sıra beynəlxalq təşkilatların və ölkələrin ilk bəyanatlarını, açıqlamalarını xatırlasaq, səsləndirilən fikirlərin yeni reallıqlardan tamamilə uzaq olduğu qənaətinə gələ bilərik. Lakin müəyyən bir zaman kəsiyindən sonra müharibədən öncəki və müharibə dövründəki bəzi əsassız streotipləri ifadə edən ritorika dəyişdi, yanaşmalarda 10 noyabr 2020-ci il tarixli, üçtərəfli Bəyanata istinadlar ön plana keçdi.

Azərbaycanın qazandığı ədalətli qələbənin bölgədə yaratdığı reallığın regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı istisnasız olaraq, qəbil edildi. Şübhəsiz ki, Azərbaycan dövləti bu reallıqları vətəndaşlarının konstision hüquqlarından çıxış edərək, BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktının prinsipləri çərçivəsində yaradıb, döyüş əməliyyatları zamanı beynəlxalq humanitar hüququn və onun tərkib hissəsi olan Cenevrə Konvensiyasının tələblərinə əməl edim, bütün şəraitlərdə, o cümlədən müharibə vəziyyətində qlobal məsuliyyətini yüksək səviyyədə başa düşən bir dövlət kimi davranmaq potensialına və iradəsinə malik olduğunu təsdiqləyib”, - deyə E.Mirzəbəyli bildirib.

O vurğulayıb ki, həyata keçirilən fəaliyyətin əhəmiyyətli hissəsi, prosesin mahiyyətinə və tələblərinə uyğun olaraq, ictimaiyyətin diqqətindən kənarda qalsa da, bugünkü gerçəkliklər çərçivəsində göz önündə olan reallıqları təhlil və müqayisə edəndə, görülən işlərin miqyasını və sərf olunan əməyin böyüklüyünü müəyyənləşdirmək bir o qədər də çətin deyil.

“Cənab Prezidentin də qeyd etdiyi kimi, artıq bu gün bütün nüfuzlu və qlobal miqyasda əsas söz sahibi olan beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB və digər təsisatlar Azərbaycanın bölgədə yaratdığı reallıqları qəbil ediblər və bu amil, Azərbaycan-Ermənistan münasibətlərinin, həmçinin regionun bü günü və gələcəyi ilə bağlı bütün dəyərləndirmələrdə nəzərə çarpır.

Azərbaycanın haqq işinə münasibətin müsbətə doğru dəyişməsinin, ölkəmizin suveren hüquqlarının təmin olunmasına daha qabarıq və birmənalı şəkildə dəstək ifadə olunmasının səbəblərindən biri də, şübhəsiz ki, daha öncə vurğuladığım kimi, müharibə şəraitində dinc əhaliyə qarşı nümayiş olunan humanist münasibət, döyüş əməliyyatlarının beynəlxalq humanitar hüququn tələblərinə uyğun şəkildə həyata keçirilməsi, əsgər və zabitlərimizin tarixin bütün dövrləri üçün örnək ola biləcək davranışlarıdır”, - deyə E.Mirzəbəyli vurğulayıb.

Politoloq Ceyhun Əhmədli isə TurkicWorld-a açıqlamasında qeyd edib ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti güc yolu ilə bərpa etdi.

“Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək beynəlxalq presedent yaratdı. İstər müharibənin gedişatı, istərsə də ondan sonrakı periodda baş verən hadisələr bu reallığı ortaya qoydu ki, bizim məqsədimiz erməni işğalçılığına son qoymaqla regiona sabitlik və inkişaf gətirməkdir. Prezident İlham Əliyevin xarici KİV-ə çoxsaylı müsahibələri, onun ən müxtəlif beynəlxalq platformalardan istifadə edərək dünya ictimaiyyətinə etdiyi ardıcıl çağırışlar son nəticədə yaratmış olduğumuz yeni reallıqların beynəlxalq birlik tərəfindən tanınmasına gətirib çıxarmışdır.

Artıq əminliklə deyə bilərik ki, 44 günlük müharibənin nəticələri beynəlxalq miqyasda legitimlik qazanıb. Təbii ki, biz buna asanlıqla nail olmamışıq. Əzmlə, qətiyyətlə, səbatla, yorulmadan və dönmədən öz səylərimizi davam etdirmişik”, - deyə politoloq bildirib.

Onun sözlərinə görə, xatırlatmaq yerinə düşər ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin müharibədən sonrakı ilk bəyanatları yeni reallıqlardan tamamilə uzaq idi.

“Həmin bəyanatlarda vaxtaşırı münaqişə mövzuları, status və digər qəbuledilməz məsələlər qabardılırdı. Lakin sonradan onlar da 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına və digər əlaqədar sənədlərə istinadlar verməyə başladılar. Yəni Minsk qrupunun fəaliyyətində də artıq yeni reallıqlar üstünlük təşkil etməkdədir.

Əlbəttə, burada düzgün aparılan informasiya siyasəti ilə yanaşı, həm də Azərbaycanın güclü ölkə olması rol oynadı. Aydın məsələdir ki, bu gün beynəlxalq siyasətdə hüququn gücü yox, gücün hüququ işləyir. Yəni "güclüsənsə, deməli haqlısan" prinsipi əksər hallarda özünü doğruldur. Bu mənada, Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Ölkəmiz haqlı tərəf olduğu kimi, həm də güclü tərəfdir.

Müharibəni qələbə ilə başa vurmağımız bizə beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazandırdı. Təbii olaraq, təcrübə onu göstərir ki, qaliblərin dostları da həmişə çox olur. Və bu gün bizə dost olan ölkələrin sırasının daha da genişləndiyini müşahidə etməkdəyik. Bu isə öz növbəsində beynəlxalq mövqelərimizin möhkəmlənməsinə müsbət təsir göstərir, haqq işimizə əlavə töhfələr verir”, - deyə C.Əhmədli vurğulayıb.

Məqalədə:
Nağd
USD
1.6970
%0,00
EUR
2.0190
%0,03
GBP
2.3451
%0,02
TRY
0.1810
%0,01
Nağdsız
USD
1.6780
%0,00
EUR
2.0190
%0,02
GBP
2.3451
%0,03
TRY
0.1888
%0,01
Xəbərlər

Xəbər lenti