Ermənistanın düzənlədiyi “humanitar yük” şousu planlaşdırılan ssenarinin qırılma nöqtəsi olacaq - Ekspert

Ermənistanın düzənlədiyi “humanitar yük” şousu planlaşdırılan ssenarinin qırılma nöqtəsi olacaq - Ekspert

Bakı. TurkicWorld:

Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan edir, digər tərəfdən isə bütün vasitələrlə ölkəmizdə yaşayan erməni azlığının “təhlükəsizliyi və hüquqlarının qorunması” ilə bağlı əsassız iddialarıyla süni gündəm yaratmağa çalışır. Məqsəd isə Azərbaycanda yaşayan erməni azlığının nümayəndələri ilə bağlı süni şəkildə formalaşdırılmış “problemləri” xarici himayədarları və təhrikçilərin dəstəyi ilə beynəlxalq müstəviyə daşımaq, mövzu ətrafında süni gündəm yaratmaq, məsələnin hələ uzun illər boyu kənar müdaxilələrə açıq saxlanılmasına nail olmaqla, rəsmi Bakıya qarşı davamlı təzyiq mexanizmləri formalaşdırmaqdan ibarətdir.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli qeyd edib ki, Nikol Paşinyan 44 günlük müharibədən bir müddət sonra, sovet dövrü daxil olmaqla, Ermənistanın keçmiş rəhbərliyinin və separatçıların “Qarabağ məsələsi” ilə bağlı ilk gündən səhvə yol verdiklərini, prosesin ərazi iddiaları üzərindən deyil, “insan haqları və təhlükəsizlik” müstəvisindən irəliyə aparılmasının zəruriliyini vurğulayanda rəsmi İrəvanın niyyətini qismən də olsa açıqlamışdı.

İndi Ermənistan rəhbərliyi Azərbaycan ərazilərində yaşayan ermənilərlə bağlı məsələni, “1988-ci ildən başlayaraq, buraxılan səhvləri” təkrarlamamaqla yenidən, “0” nöqtəsindən hərəkətə gətirmək istəyir. Ssenari isə belədir: Ermənistan separatçı qruplar vasitəsilə erməni azlığın yaşadığı bölgəni daim gərgin vəziyyətdə saxlayır, paralel olaraq rəsmi Bakının Azərbaycanın erməni əsilli sakinlərə qarşı “aqressiv siyasət yürütdüyünü”, “onları etnik təmizləməyə məruz qoymaq niyyəti güddüyünü” təhrikçi himayədarları vasitəsilə beynəlxalq gündəmə daşımaq, ermənilərin Azərbaycan dövlətinin çətiri altında yaşamasının “mümkünsüz olduğu” barədə rəy formalaşdırmaq istəyir. Bunlar öz ağıllarına görə Azərbaycan ərazisində yalan, böhtan və qarayaxma üzərində qurulmuş süni “Kosova prezidenti” yaratmaq istəyirlər ki, növbəti mərhələdə erməni azlığının Azərbaycanın suveren hüquqlarından və yurisdiksiyasından kənar hansısa “beynəlxalq status” əldə etmələrinə nail olsunlar. Ermənistanın, erməni diasporu və lobbisinin, həmçinin, bölgəyə təsir imkanlarını qoruyub saxlamağa çalışan Fransa kimi ölkələrin niyyəti də budur", - deyə Mirzəbəyli əlavə edib.

Onun sözlərinə görə, sözügedən proses müharibədən bir müddət sonra başladılsa da, Azərbaycanın həm Ermənistanla sərhəddə, həm Qarabağ iqtisadi rayonunun ərazisində, həm də diplomatik sahədə atdığı önləyici addımlar bəhs olunan ssenarinin işə düşməsinə imkan verməyib. Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində rəsmi Bakının göstərdiyi səylərin aşırı aqressiya və davamlı təxribatlarla qarşılanmasının səbəbi də, bütün bu addımların planlaşdırılan ssenarinin ayrı-ayrı elementlərini sıradan çıxarmasıdır.

"Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistanın təxribatları nəticəsində yüklərin daşınmasına qadağa tətbiq olunduqdan sonra, Ermənistan tərəfinin Azərbaycan ərazilərində yaşayan ermənilərin guya “blokada vəziyyətində” olduqları, ərazidə “aclıq və səfalətin hökm sürdüyü”, rəsmi Bakının bununla “ermənilərin çıxıb getmələrinə nail olmaq istədiyi” ilə bağlı iddiaları Azərbaycan Prezidentinin humanitar yüklərin daşınması üçün Ağdam yolundan istifadə ilə bağlı Brüsseldə irəli sürdüyü təkliflə və bu təklifin Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən dəstəklənməsiylə tamamilə iflasa uğradı. Ermənistanın Avropa İttifaqının bu ölkədəki missiyasının təmsilçilərinin və bəzi diplomatların iştirakı ilə Laçın sərhəd-buraxılış məntəqəsi yaxınlığında düzənlədiyi “humanitar yük” şousu da “blokada”, “aclıq və safalət” kimi qondarma iddiaları yenidən gündəmə gətirmək, Azərbaycanın iradəsinin qırılımasına nail olmaq, suveren hüquqlarımızdan təzyiq qarşısında geriyə çəkilməyimizə xidmət edir. Şübhəsiz ki, Azərbaycan öz suveren hüquqlarından bir addım da geri çəkilməyəcək və bu təxribat şousu ölkəmizə qarşı planlaşdırılan ssenarinin qırılma nöqtəsi olacaq", - deyə o, əlavə edib.