BAKI,TurkicWorld
Milli Məclisin Elm və təhsil komitəsinin iclasında dərsliklərin hazırlanması, təmayüllü siniflərin genişləndirilməsi, müəllimlərin sertifikatlaşdırılması, ali təhsilin müddəti, magistratura və doktorantura, süni intellektdən təhsildə istifadə, sosial statuslu təhsil kreditləri, Azərbaycan dilinin təhsildə tətbiqi və təhsil qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Iclasda çıxış edən deputat Bəxtiyar Əliyev dərsliklərlə bağlı məsələnin cəmiyyəti narahat edən əsas mövzulardan biri olduğunu bildirib.
O qeyd edib ki, komitə dərsliklərlə bağlı rəy hazırlayaraq parlament adından Elm və Təhsil Nazirliyinə təqdim edib. Deputatın sözlərinə görə, yeni kurikulumlar qarşıya yeni tələblər qoyur, dünyada dəyişikliklər sürətlə gedir, yeni peşələr yaranır və peşə standartları dəyişir. Buna uyğun olaraq təhsil standartlarının da yenilənməsi vacibdir.
Bəxtiyar Əliyev bildirib ki, peşə və təhsil standartlarının hazırlanmasında yaranan gecikmələr yeni peşələr üzrə dərsliklərin hazırlanmasına da problem yaradır. Onun sözlərinə görə, komitə üzvlərinin bu sahədə müəyyən təcrübəsi olsa da, təhsil proqramlarının, peşə standartlarının və dərsliklərin hazırlanmasına ekspertlərin, elmi-tədqiqat institutlarının, universitetlərin və peşə təhsili müəssisələrinin cəlb edilməsi bəzi hallarda formal xarakter daşıyıb.
Deputat orta məktəb müəllimlərinin dərsliklərin yazılmasına cəlb olunduğunu, lakin bu istiqamətdə problemlərin hələ də qaldığını deyib.
Millət vəkili Elçin Mirzəbəyli isə dərsliklərin dilinin mühüm məsələ olduğunu bildirib. Onun sözlərinə görə, burada söhbət yalnız dərsliklərdən deyil, ilk növbədə Azərbaycan dilinin tətbiqindən gedir.
O qeyd edib ki, dil mədəniyyətin əsası və milli kimliyin mühüm dayaqlarından biridir. Azərbaycan dilinin orta məktəblərdə düzgün tətbiqi təhsil sahəsində ən vacib məsələlərdən biri kimi diqqətdə saxlanılmalıdır.
Elçin Mirzəbəyli bildirib ki, bu məsələlərlə bağlı keçiriləcək dinləmələrdə yalnız təhsil ekspertləri deyil, dilçi alimlər və ədəbiyyat nümayəndələri də iştirak etməlidir. Onun sözlərinə görə, xüsusilə uşaqlar üçün nəzərdə tutulan mətnlərdə və dərsliklərdə çoxsaylı qüsurlar mövcuddur.
Deputat uşaq ədəbiyyatının və uşaq nəşrlərinin vəziyyətində də problemlərin olduğunu deyib. O hesab edir ki, bu istiqamətlər bir-biri ilə əlaqəlidir və komitənin məsələlərin həllində iştirakı vacibdir.
Elçin Mirzəbəyli digər komitələrlə birgə ictimai dinləmələrin keçirilməsinin əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, problem yalnız dərsliklərin dili ilə məhdudlaşmır, Azərbaycan dilinin tətbiqi ilə bağlı sistemli məsələlər mövcuddur.
Deputat Media haqqında qanun və digər qanunlarla bağlı əvvəlki müzakirələri xatırladaraq, komitə sədrinin jurnalistika ilə bağlı ictimai dinləmənin keçirilməsi ideyasını səsləndirdiyini bildirib.
Elçin Mirzəbəyli media və jurnalistikada peşəkar məzmunun azalması məsələsinə də diqqət çəkib. O bildirib ki, media nümayəndələrini ən çox narahat edən məsələlərdən biri budur və süni intellekt də bu prosesə təsir edən amillərdən biridir.
"Media və jurnalistika fikir istehsal etmir, artıq istehsal olunmuş fikirlərin ardınca gedir", – deyə deputat bildirib.
Onun sözlərinə görə, media sahəsində forma dəyişdiyi kimi, məzmun da dəyişir, xəbər bolluğu artdıqca fikir qıtlığı yaranır.
Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev isə üçillik bakalavr sisteminə keçidin 12 illik tam orta təhsil sisteminə keçidlə kompleks şəkildə nəzərdən keçirilməsinin vacibliyini bildirib.
O qeyd edib ki, bakalavr pilləsinin üçillik müddətlə məhdudlaşdırılması artıq Avropa ölkələrində tendensiyaya çevrilib və bu proses Okeaniyada da başlayıb.
Adil Vəliyev bildirib ki, Azərbaycanda tam orta təhsilin müddəti 11 ildir, dünyanın 100-dən çox dövlətində isə 12 illik tam orta təhsil sisteminə keçilib.
"12 illik tam orta təhsildən sonra üçillik bakalavr sistemi olduqca məqsədəuyğun sayılır", – deyə o vurğulayıb.
Onun sözlərinə görə, bu məsələlər bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Azərbaycan Konstitusiyasının 42-ci maddəsində təhsilin uyğunluğu təsbit edilsə də, hazırkı reallıqda bu dəyişikliyin yalnız ali təhsil haqqında yeni qanunvericiliklə həyata keçirilməsi mümkün deyil.
Adil Vəliyev bildirib ki, məsələyə mühafizəkar mövqedən yanaşmır və təhsil sahəsində yeniliklərə açıqdır. Bununla belə, dəyişikliklərin kompleks şəkildə həyata keçirilməli olduğunu deyib.
O qeyd edib ki, "Təhsil haqqında" və "Ümumi təhsil haqqında" qanunlara əsasən, ibtidai təhsil I-IV, ümumi orta təhsil V-IX, tam orta təhsil isə X-XI sinifləri əhatə edir. Beləliklə, Azərbaycanda tam orta təhsil 11 illikdir.
Şöbə müdiri bildirib ki, bu vəziyyət Azərbaycan şagirdlərinin xaricdəki aparıcı universitetlərdə təhsil almaq imkanlarına da müəyyən çətinlik yaradır. Çünki həmin universitetlər yüksək nəticə ilə məzun olan Azərbaycan şagirdlərindən 12 illik təhsil sistemi tələb edə bilirlər. Nəticədə bəzi şagirdlər Azərbaycanda fəaliyyət göstərən özəl təhsil komplekslərində əlavə müddət təhsil alaraq bu fərqi kompensasiya etməli olurlar.
Adil Vəliyev bildirib ki, Azərbaycanın təhsilin inkişafı üzrə dövlət strategiyasında da 12 illik təhsilə keçidlə bağlı hədəflər müəyyənləşdirilib.
"12 illik təhsilə keçməklə və növbəti mərhələdə üçillik bakalavr sistemini çox rahat şəkildə tətbiq etmək olar", – deyə o qeyd edib.
Onun sözlərinə görə, hazırkı 11 illik tam orta təhsil və üçillik bakalavr modelinin birbaşa tətbiqi o qədər də məqsədəuyğun deyil. Bununla yanaşı, Adil Vəliyev üçillik bakalavrla bağlı təklifi mütərəqqi hesab etdiyini və dəstəklədiyini bildirib.
Deputat Ceyhun Məmmədov da ali təhsilin müddətinin azaldılması məsələsinə toxunub. O bildirib ki, dünyada təhsilin müddətinin azaldılması tendensiyası müşahidə olunur, ABŞ universitetləri də bu istiqamətdə addımlar atır. Onun sözlərinə görə, bakalavr təhsilinin üç, magistratura təhsilinin isə bir il olması ilə bağlı yanaşmalar mövcuddur.
Ceyhun Məmmədov bildirib ki, dördillik bakalavr təhsilinin uzun müddət hesab edilməsi ilə yanaşı, bunun maliyyə tərəfi də var. Gürcüstanın da son dövrdə müvafiq qanun qəbul edərək bu prosesə qoşulduğunu deyən deputat Azərbaycanda ən azı magistratura səviyyəsində təhsilin bir ilə endirilməsi imkanına baxılmasını təklif edib.
O qeyd edib ki, magistratura üzrə hər il Azərbaycanda 4 mindən çox plan yeri boş qalır. Deputat bunun səbəblərindən birinin gənclərin ikiillik magistratura təhsilində oxumağa marağının az olması olduğunu bildirib.
Ceyhun Məmmədov süni intellektlə bağlı ayrıca qanunun qəbuluna da ehtiyac olduğunu deyib.
O bildirib ki, süni intellekt bəşəriyyətin böyük nailiyyətidir və onun inkişafına qarşı çıxmaq olmaz. Bununla belə, süni intellektin insanların, xüsusilə uşaqların düşünmə, araşdırma və təhlil qabiliyyətlərinə mənfi təsir göstərməsinin qarşısının alınması vacibdir.
Deputat qeyd edib ki, əvvəllər hər hansı məlumatı əldə etmək üçün kitabxanalara müraciət edilirdisə, hazırda süni intellekt vasitəsilə bu proses daha asan həyata keçirilir. Onun sözlərinə görə, kitab və məqalələrin də süni intellekt vasitəsilə hazırlanması geniş yayılır və bəzi şəxslər bunu normal hal kimi qiymətləndirirlər.
"AI-nin üstünlükləri ilə yanaşı, tədqiqat və araşdırma qabiliyyətinə ciddi təsiri də var", – deyə Ceyhun Məmmədov bildirib.
O vurğulayıb ki, süni intellektin yaxın gələcəkdə yaradacağı imkan və problemlər indidən nəzərə alınmalıdır. Xüsusilə təhsil sahəsində düşünən, təhlil edən və araşdıran gənclərin yetişdirilməsi üçün müvafiq addımlar atılmalıdır.
Deputat Sevinc Fətəliyeva da süni intellektin təhsildə istifadəsinə nəzarət məsələsini qaldırıb.
O bildirib ki, süni intellekt müəllimlər və valideynlərlə görüşlərdə də müzakirə olunur və artıq həyatın bir hissəsinə çevrilib. Buna görə də ondan istifadə qaydalarının cəmiyyət tərəfindən düzgün mənimsənilməsi vacibdir.
Sevinc Fətəliyeva təhsil prosesinə aid ayrıca qanun layihəsinin hazırlanması məsələsinin nəzərdən keçirilməsini təklif edib. Onun sözlərinə görə, məktəblərdə şagirdlərin süni intellekt üzrə ilkin savadlılığını artırmaq və istifadə qaydalarını öyrətmək üçün müvafiq fənn və ya kursların tətbiqi mümkündür.
Deputat bildirib ki, ali məktəblərdə süni intellekt üzrə proqramlar yalnız informasiya texnologiyaları mütəxəssisləri üçün nəzərdə tutulmamalı, müxtəlif peşə istiqamətləri üzrə də tətbiq edilməlidir.
Onun sözlərinə görə, süni intellekt inkişaf etdikcə həyatın daha çox sahəsini əhatə edəcək və insanların ondan düzgün istifadə qaydalarını bilməsi, həmçinin uşaqlara bu qaydaların öyrədilməsi zəruri olacaq.
"Ən vacib məsələlərdən biri məktəblərdə və universitetlərdə süni intellektdən istifadəyə çox ciddi nəzarətin həyata keçirilməsidir", – deyə Sevinc Fətəliyeva bildirib.
O qeyd edib ki, xarici universitetlərdə hazırlıq işləri, kurs və magistr dissertasiyaları yoxlanılır, burada yalnız plagiata deyil, süni intellektdən istifadəyə də nəzarət edilir. Deputat Azərbaycanın ali təhsil müəssisələrində də bu nəzarətin gücləndirilməsini və tətbiq olunmasını təklif edib.
Deputat Mehriban Vəliyeva isə sosial statuslu təhsil kreditlərinin verilməsi meyarlarının təkmilləşdirilməsini təklif edib.
O bildirib ki, hazırkı mexanizmdə müəyyən sosial meyarlar əsasında tələbələrə güzəştli təhsil almaq imkanı yaradılır və bu, dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biridir. Lakin sistemin daha da təkmilləşdirilməsi üçün sosial statuslu təhsil kreditlərinin müəyyənləşdirilməsi meyarlarına yenidən baxılması məqsədəuyğundur.
Mehriban Vəliyeva qeyd edib ki, valideynin işləməsi ailənin maddi imkanlarının yaxşı olması demək deyil. Onun sözlərinə görə, gəliri ailənin zəruri ehtiyaclarını qarşılamağa kifayət etməyən, lakin valideynləri işləyən ailələr də mövcuddur.
O bildirib ki, kirayə haqqı, kommunal xərclər, ərzaq, müalicə və digər gündəlik ödənişlər, eləcə də eyni ailədə bir neçə övladın təhsil alması ailə büdcəsinə ciddi yük yaradır.
"Təhsil kreditlərinin sosial meyarları müəyyən edilərkən yalnız valideynin işləyib-işləməməsi deyil, ailənin real gəliri və sosial yükü də nəzərə alınmalıdır", – deyə deputat bildirib.
Mehriban Vəliyeva bütün işləyən valideynlərin avtomatik olaraq sosial statuslu təhsil krediti almasını nəzərdə tutmadığını vurğulayıb. O, daha ünvanlı və ədalətli mexanizmin yaradılmasını təklif edib.
Deputatın sözlərinə görə, ailənin adambaşına düşən gəliri, ailə üzvlərinin sayı, himayədə olan uşaqların sayı, eyni ailədən təhsil alan tələbələrin sayı və digər sosial göstəricilər qiymətləndirmə meyarları ola bilər.
O bildirib ki, valideynləri işləyən, lakin ailənin real gəliri müəyyən edilmiş həddən aşağı olan tələbələr üçün də güzəştli təhsil krediti imkanının yaradılması nəzərdən keçirilə bilər.
Mehriban Vəliyeva "işləyən valideyn – imkanı olan ailə" yanaşmasından ailənin real gəliri, sosial yükü və tələbənin təhsil ehtiyacının nəzərə alındığı yanaşmaya keçidin daha ədalətli nəticə verə biləcəyini deyib.
Deputat təklif edib ki, Elm və təhsil komitəsi bu məsələnin aidiyyəti qurumlarla birlikdə öyrənilməsinə və mövcud sosial meyarların təkmilləşdirilməsi imkanlarının nəzərdən keçirilməsinə təşəbbüs göstərsin.
Onun sözlərinə görə, məqsəd maddi vəziyyəti ilə bağlı real çətinlik yaşayan, lakin valideynləri işləyən istedadlı gənclərin də təhsillərini davam etdirmək üçün dövlət dəstəyindən yararlanmasına imkan verən mexanizmin yaradılmasıdır.
Mehriban Vəliyeva belə yanaşmanın sosial ədalət prinsipinə və ölkənin insan kapitalının inkişafı siyasətinə uyğun olacağına inandığını bildirib.
Deputat Vasif Qafarov isə ali təhsil haqqında qanunvericiliyə yenidən baxılmasının vaxtının çatdığını deyib.
O bildirib ki, bu, həm mövcud qanuna dəyişikliklər edilməsi, həm də yeni qanunun qəbulu formasında həyata keçirilə bilər.
Vasif Qafarov xüsusilə magistratura təhsili ilə bağlı dəyişikliklərin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, dünyada magistratura təhsili peşə və tədqiqat istiqamətlərinə bölünür. Peşə istiqamətində magistratura bir il, tədqiqat istiqamətində isə iki il davam edə bilər.
O qeyd edib ki, tədqiqat istiqamətində təhsil alan magistrlər dissertasiya müdafiə edir, peşə istiqamətində təhsil alanlar isə dissertasiya müdafiə etmədən dərslərdə iştirak edir, imtahan verərək dərəcə əldə edirlər.
Vasif Qafarov Azərbaycanda magistratura üzrə plan yerlərinin müəyyənləşdirilməsində tələb və təklif arasında balansın pozulduğunu bildirib.
"Bizdə magistratura təhsili ilə müraciət edənlərin sayı plan sayından 3-4 min aşağıdır. Bu il də təxminən 3-4 min yer boş qaldı", – deyə deputat bildirib.
O qeyd edib ki, bir sıra universitetlərdə eyni ixtisaslar üzrə magistratura plan yerləri müəyyənləşdirilsə də, həmin ali təhsil müəssisələrində magistr hazırlığı üçün kifayət qədər pedaqoji heyət yoxdur.
Vasif Qafarov bəzi universitetlərdə, xüsusilə özəl ali təhsil müəssisələrində elmi dərəcəli kadrların sayının kifayət qədər olmadığını bildirib. Onun sözlərinə görə, elmi dərəcəsi olmayan müəllimlərin magistrantlara dərs deməsi hallarına da rast gəlinir.
"Kifayət qədər universitetlərimizdə, xüsusilə də özəl universitetlərdə elmi dərəcəli kadrların sayı yetərli qədər deyil. Bu balans da pozulub", – deyə o vurğulayıb.
Deputat professorların və elmlər doktorlarının magistr hazırlığında iştirak etdiyini, bununla yanaşı, elmi dərəcəsi olmayan müəllimlərin də magistratura təhsilində dərs dediyini qeyd edib.
Vasif Qafarov ikipilləli doktorantura sisteminin də yenidən nəzərdən keçirilməsini təklif edib. O bildirib ki, bu məsələ ötən il də Elm və təhsil komitəsinin iclasında qaldırılıb və bunun dəyişdirilməsi zamanın tələbidir.
Onun sözlərinə görə, Azərbaycan Avropa təhsil sisteminə inteqrasiya edir, bakalavr və magistratura təhsilini qəbul edib, eyni zamanda Sovet dövründən qalan ikipilləli doktorantura sistemini saxlayır.
"Elm və təhsil idarələrində kifayət qədər müraciətlər var, sanki bir ictimai tələb var ki, bu ikipilləli doktorantura ləğv olunmalıdır, biz dünya standartına keçməliyik", – deyə deputat bildirib.
Vasif Qafarov ikipilləli doktorantura məsələsinə növbəti və ya sonrakı sessiyada baxılacağına ümid etdiyini deyib.
O, ümumilikdə indiyədək təhsil sahəsində səsləndirilmiş və qaldırılmış məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasının vacib olduğunu bildirib.
"Yeni bir təhsil qanununa ehtiyac var ki, indiki dövrə qədər səsləndirilən və qaldırılan, haqlı görünən məsələlərin hamısını yeni təhsil qanununda nəzərə alaq", – deyə Vasif Qafarov əlavə edib.






