Sülh sazişinə erməni azlığı ilə bağlı hansısa müddəaların salınması mümkün deyil - Elçin Mirzəbəyli

Sülh sazişinə erməni azlığı ilə bağlı hansısa müddəaların salınması mümkün deyil - Elçin Mirzəbəyli

Bakı. TurkicWorld:

Azərbaycan Konstitusiyası bütün digər sivil və dünyəvi ölkələrin ana qanunları kimi insan hüquqları və fundamental və azadlıqları ilə bağlı beynəlxalq konvensiyaların norma və prinsiplərini özündə əks etdirir, ölkəmizdə irqindən, dinindən asılı olmayaraq, hər kəsin bərabər şərtlər daxilində təhlükəsiz, firavan həyatına təminat verir.

Bunu TurkicWorld-ə açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Şuşada erməni azlığının hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Konstitusiyasına uyğun qorunacacağını bəyan etməsi, əslində Azərbaycan Respublikasının, həm də beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkə vətəndaşlarına, o cümlədən erməni azlığının nümayəndələrinin bütün fundamental hüquq və azadlıqlarının qorunmasına, təhlükəslziyinə verə biləcəyi ən böyük təminatdır. Ölkə ərazisində yaşayan hər hansı bir şəxsdəm, yaxud etnik azlıqlardan birinə digərlərindən daha üstün hüquqların tanınmas isə həm beynəlxalq hüquqa, həm də Azərbaycan Konstitusiyasına ziddir.

"Prinsip etibarilə bu gün Azərbaycan ərazisində yaşayan erməni azlıqlarına hansısa müstəsna hüquqların verilməsindən söz açanlar, əslində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar, eləcə də İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq paktların, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın, Uşaq Hüquqları haqqında Konvensiyanın, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Dözümsüzlüyün bütün formalarının və dinə və ya əqidəyə görə ayrı-seçkiliyin aradan qaldırılması haqqında Bəyannamənin, Milli və ya etnik, dini və linqvistik azlıqlara mənsub şəxslərin hüquqları haqqında Bəyannamənin, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının, Avropa Sosial Xartiyasının, Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının tələblərinə zidd mövqe sərgiləyirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində (Bərabərlik hüququ) qeyd olunur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir.

Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır", - deyə o, əlavə edib.

E.Mirzəbəyli bildirib ki, Azərbaycan Konstitusiyasında, həm də beyəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, yalnız bir halda vətəndaşların müəyyən bir qrupuna digərlərindən üstün, daha dəiq desəm, fərqli hüquqlar tanınır. Konstitusiyamızın 25-ci maddəsinin VI bəndində qeyd olunur ki, "Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar". Bu isə o deməkdir ki, Azərbaycanda yaşayan erməni azlığın nümayəndələrinin toplum halda, külliyyən sağlamlıq imkanları məhdud olmalıdır ki, Azərbaycan dövləti bunu nəzərə alaraq, onları məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən azad etsin. Əks halda, başqalarından üstün hüquq tələb etmək, hüquqa zidd olmaqla yanaşı, ağıldan kəmlik kimi də qəbul oluna bilər. Prinsip etibarilə, ağıldan kəmlik də sağlamlıq imkanlarının məhdudluğu kimi tövsif oluna bilər.

"Bu səbəbdən də Ermənistanla imzalanacaq sülh sazişinə Azərbaycanın erməni azlığı ilə bağlı hansısa müddəaların salınması mümkün deyil və rəsmi Bakı bu qəbildən olan cəhdlərlə razılaşmamaqla, həm də beynəlxalq hüququn norma və prinsiplərini qoruyur. Bu məsələdə hər hansı bir güzəştin olması, tamamilə istisna olunur.

Mövcud şəraitdə, Azərbaycan ərazisində yaşayan ermənilərin yeganə çıxış yolu onları girov saxlayan xunta rejimindən xilas olmaq, cəmiyyətimizə reinteqrasiya olunaraq sivil həyata qayıtmaqdan ibarətdir. Azərbaycana qarşı yersiz iddia və tələblərlə çıxış edənlər isə, erməni azlığının təhlükəsiz həyatının təmin olunması üçün xunta rejiminin müdafiəsindən əl çəkməli, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin cinayətkar qrupların təzyiq və təsirindən qurtulmaları üçün zəruri tədbirlərin həyata keçirilməsinə dəstək verməlidirlər", - deyə açıqlamada bildirilir.