Son dəqiqə

Şuşa İƏT

Şuşanın İƏT-in turizm paytaxtı seçilməsi regional əməkdaşlığın inkişafına imkan yaradacaq - Baş katib

Bakı. TurkicWorld:

Ərzurum (Türkiyə) və Şuşa şəhərlərinin 2025-2026-cı illər üzrə turizm paytaxtları seçilməsi regional əməkdaşlığın gələcək inkişafına imkan yaradacaq.

TurkicWorld xəbər verir ki, bu barədə İƏT-in baş katibi Xusrav Noziri Bakıda keçirilən İƏT-ə üzv ölkələrin turoperatorlarının 1-ci forumunun kuluarlarında deyib.

"Turizm sahəsində əməkdaşlığımızın fonunda İƏT-in yeni təşəbbüsünü qeyd etmək istərdim. Təşəbbüs hər il təşkilatın turizm paytaxtlarının elan edilməsindən ibarətdir. Bu il bu titulu Özbəkistanın Şaxrisabz şəhəri daşıyacaq, qarşıdakı illərdə isə (müvafiq olaraq 2025 və 2026-cı illər) Türkiyənin Ərzurum və Azərbaycanın Şuşa şəhərləri İƏT regionunun rəsmi turizm paytaxtı statusu əldə edəcək.

İnanıram ki, Ərzurum və Şuşa şəhərlərinin 2025 və 2026-cı illərdə turizm paytaxtları elan edilməsinə həsr olunmuş tədbirlər turizm sahəsində regional əməkdaşlığın gələcək inkişafına imkan yaradacaq", - deyə o bildirib.

Qeyd edək ki, İƏT üzv ölkələr arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı inkişaf etdirmək üçün 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılmış hökumətlərarası regional təşkilatdır.

1992-ci ildə təşkilat 7 yeni üzvün - Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın da daxil olması ilə daha da genişlənib.

Mövzuya görə xəbərlər