Bakı. TurkicWorld:
Mayın 15-də ölkəmizdə səfərdə olan Avropa Parlamentinin deputatı Xaviyer Nart Şuşa şəhərində olub.
Milli Məclisdən TurkicWorld-ə verilən məlumata görə, Şuşa şəhərinə gələn qonağa şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası, nəzərdə tutulan planlar, Şuşa sakinlərinin öz doğma şəhərlərinə qayıdışı prosesinə başlanıldığı barədə məlumat verilib.
Qonaq burada nümayəndəliyin inzibati binasında, Şəhər Meydanında, Vaqifin məqbərəsində, Cıdır düzündə olub, Şuşanın Qala divarlarını seyr edib. Qonağa məlumat verilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.
Avropa Parlamentinin deputatını Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.