Bakı. TurkicWorld:
Bir daha heç bir zaman kimsə cəsarət edib Azərbaycanın ərazi bütövlüyünü təsiri altına sala bilməz.
Bunu TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
"30 ilə yaxın işğal dönəmində beynəlxalq ictimaiyyət, beynəlxalq güclər Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həllini təəssüflər olsun ki, dəstəkləmədilər və yaxud bunu sözdə dəstəklədilər, real addımlar atmadılar. ATƏT-in Minsk qrupu isə regiona yalnız turistik səfərlər edərək öz mandatlarının onlara verdiyi imkanları düzgün dəyərləndirmədilər. Faktiki olaraq, beynəlxalq güclər bu münaqişəni dondurmaq, prosesin həlli müddətini uzatmaq, nəticə etibarilə, Ermənistanın xeyrinə hansısa bir qərarın qəbul edilməsi niyyətində idilər",- deyə o qeyd edib.
Naqif Həmzəyev bildirib ki, ancaq Azərbaycan Qərb dairələrinin, xüsusən də Ermənistanın havadarlarının planlarını, oyunlarını pozdu. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan, cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusu, qəhrəman əsgər və zabitlərimiz canları, qanları bahasına torpaqlarımızı işğaldan azad etdilər. Nəhayət ki, 2020-ci il 8 noyabr tarixində Şuşanın işğaldan azad olunmasından sonra Ermənistan kapitulyasiya aktının imzalanmasına razılıq verdi və məhz 9-10 noyabr tarixində bu üçtərəfli bəyanat imzalandı.
"8 Noyabr isə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanda artıq üç ildir ki, biz bu tarixi Zəfər günü kimi qeyd edirik. Bu zəfərin əldə olunmasında ordu-xalq-lider birliyi, vəhdəti qələbəni şərtləndirən əsas amillərdən biri idi və xüsusilə, şəhidlərimizin və qazilərimizin - müharibə iştirakçılarının əməyi danılmazdır. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Nə qədər ki, Azərbaycan var olacaq, biz bu zəfərin əldə olunmasında əməyi, əziyyəti olan insanları heç bir zaman unutmayacağıq. Şükürlər olsun ki, biz öz torpaqlarımızı geri aldıq və keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtması üçün Azərbaycan dövləti, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında təxirəsalınmaz işlər həyata keçirir. Bu gün Qarabağ və Şərqi Zəngəzur gündən-günə çiçəklənir, artıq Ağalıda, Zəngilanda, Füzulidə, Laçında keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarında həyatlarına davam edirlər. Şuşa yenidən qurulur, bu il ora da sakinlərin köçürülməsi nəzərdə tutulur, bir sözlə keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına yerləşdirilməsi prosesi mərhələli şəkildə davam edir. Bir daha heç bir zaman kimsə cəsarət edib Azərbaycanın ərazi bütövlüyünü təsiri altına sala bilməyəcək", - deyə Milli Məclisin deputatı vurğulayıb.
Naqif Həmzəyev əlavə edib ki, 2023-cü il də çox əlamətdar hadisə ilə tarixə yazıldı, xüsusilə də sentyabr ayının 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilmiş lokal anti-terror tədbirləri zamanı biz seperatizmin kökünü tamilə kəsə bildik və nəticə etibarilə Azərbaycan öz suverenliyini tamamilə bərpa etdi.
"Bu gün dünya ictimaiyyəti, region dövlətləri Azərbaycanın yaratdığı yeni reallıqları tam olaraq qəbul edirlər, Ermənistan da bu reallıqları qəbul etmək məcburiyyətindədir və biz zəfərin bizə verdiyi imkanları düzgün dəyərləndiririk və çox xoşbəxt xalqıq ki, biz təqvimimizə zəfər və qələbə günləri daxil etdik. Bu qələbə, zəfər günü münasibətilə Azərbaycan prezidenti cənab İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqını və Azərbaycanı dəstəkləyən hər bir kəsi, ordumuzu, qəhrəman əsgər və zabitlərimizi təbrik edirəm",- deyə o qeyd edib.
Aytac Süleymanova
Twitter: a_alieva_