Son dəqiqə

Azərbaycan Azərbaycan ordusu Naqif Həmzəyev Özəl

Azərbaycanda lider, xalq və ordu birliyi vəhdəti gündən-günə güclənir - Naqif Həmzəyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycanda lider, xalq və ordu birliyi vəhdəti gündən-günə güclənir.

Bunu TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

"44 günlük Vətən müharibəsinin üçüncü il dönümü tamam oldu. Azərbaycanın qəhrəman, rəşadətli ordusu, qəhrəman hərbçilərimiz, zabitlərimiz, əsgərlərimiz qanları, canları bahasına torpaqlarımızı işğaldan azad etdilər. Bu ötən üç il müddətində sürətli şəkildə Azərbaycan hökuməti Cənab İlham Əliyevin birbaşa tapşırığı və nəzarəti ilə bu ərazilərdə quruculuq işləri həyata keçirməkdədir. İlk növbədə, xüsusilə, qeyd etməliyik ki, Ermənistandan və erməni quldurlarından bu torpaqları azad etdikdən sonra bizim qarşılaşdığımız ən böyük problemlərdən biri mina terroru idi, çünki bu ərazilər ermənilər tərəfindən minalar ilə çirkləndirilmişdi. Bu baxımından da biz paralel olaraq, ərazilərin minalardan təmizlənməsi, daha sonra isə bu ərazilərdə quruculuq-abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsini yerinə yetirməkdəyik",- deyə o qeyd edib.

Naqif Həmzəyev bildirib ki, ötən bu müddət ərzində, artıq biz Füzuli, Zəngilan, Laçın ərazilərinə keçmiş məcburi köçkünlərin geri qayıdışının şahidi olmuşuq. Ağıllı kənd-şəhər konsepsiyası əsasında yeni rayonlar, şəhərlər, kəndlər salınır. Yalnız vətəndaşlarımızın yaşaması üçün deyil, eyni zamanda burada onların işləməsi, çalışması, məşğulluqlarının da təmin olunması üçün Azərbaycan dövləti tərəfindən mərhələli və planlı şəkildə “Qarabağa qayıdış” konsepsiyası əsasında işlər görülməkdədir.

"Bir sözlə, sürətli olması ilə yanaşı, keyfiyyətli, müasir dövrün tələblərinə cavab verən işlər həyata keçirilir və biz bununla da yanaşı, birbaşa Azərbaycan prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətində şəhid ailələrinin, qazilərin sosial təminatının ən yüksək şəkildə təmin edildiyinin şahidi oluruq. Onların müalicəsi həyata keçirilir, ev-mənzil, məişət problemləri və məşğulluq probləmləri həll olunur. Azərbaycanda fəaliyyət göstərən bütün nazirliklər mərkəzi və yerli icra hakimiyyətləri tərəfindən məhz bu kateqoriyadan olan insanların ilk növbədə məşğulluq problemlərinin həll olunması ilə bağlı mərhələli işlər həyata keçirir. Üç il keçməsinə baxmayaraq biz çox böyük yol qət etmişik və demək olar ki, bu ərazilər yenidən cənnət-məkana çevrilir", - deyə Milli Məclisin deputatı vurğulayıb.

Naqif Həmzəyev əlavə edib ki, biz Azərbaycan ordusunun qəhrəman zabit və əsgərləri ilə fəxr edirik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Çox sevinirik ki, Azərbaycanda lider, xalq və ordu birliyi vəhdəti gündən – günə güclənir. Hər kəs cənab Prezident İlham Əliyevin ərtafında sıx birləşib və Azərbaycan xalqı öz liderinə inanır.

"Biz əminliklə deyə bilərik ki, torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandan bu gün quruculuq-abadlıq işlərini də ən yüksək şəkildə həyata keçirir. Regionun ən güclü dövləti statusunu qoruyub saxlamışıq və bu status hər gün daha da güclənir. Azərbaycan iqtisadiyyatı inkişaf edir və ölkəmizin regionda və regiondan kənar ərazilərdə nüfuzu artır. Biz qalib ölkənin vətəndaşlarıyıq və bunu dövlətimiz bizə hər sahədə hiss etdirir. Qələbəmiz mübarək olsun!",- deyə o qeyd edib.

Aytac Əliyeva

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər