Azərbaycan Vətən müharibəsində yalnız hərbi qələbə deyil, eyni zamanda, diplomatik və mənəvi qələbə qazandı - Nizami Cəfərov (ÖZƏL)

Azərbaycan Vətən müharibəsində yalnız hərbi qələbə deyil, eyni zamanda, diplomatik və mənəvi qələbə qazandı - Nizami Cəfərov (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycan Vətən müharibəsində yalnız hərbi qələbə deyil, eyni zamanda, diplomatik və mənəvi qələbə qazandı.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov bildirib.

"Ermənilər öz imperialist havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını zəbt edəndə məqsəd orada yaşamaq deyildir. Məqsəd, sadəcə olaraq, bu regionda belə bir mühit yaratmaq idi ki, stabillik olmasın. Yeni yaranan müstəqil respublikalar, yəni Azərbaycan, Gürcüstan, Ermənistanın özü daim münaqişələr içərisində olsunlar, regionda müstəqillik olmasın, azadlıq hərəkatlarının qarşısı alınsın. Nəticə etibarilə, bu üç respublika, eləcə də, Şimali Qafqaz görsün ki, hər hansı bir böyük gücə sığınmadan mövcud olmaq mümkün deyildir",- deyə o qeyd edib.

Nizami Cəfərov vurğulayıb ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi onunla bağlı idi ki, regionda sülh yaransın, normal qonşuluq münasibətləri yaransın və azərbaycanlılar öz doğma torpaqlarında yaşasınlar. Biz bunu Ali Baş Komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bacardıq. Torpaqlarımızı düşmən işğalından azad etdik. Torpaqlarımızı geri qaytardıqdan sonra növbəti addım bu torpaqlarda yaşamaq, burada tarixi hüquqlarımızı bərpa etmək, bu torpaqları əkmək-becərmək idi.

"Bu mənada Qarabağda aparılan quruculuq işləri, abadlıq işləri Azərbaycanın siyasətinin əsas prioriteti idi. Azərbaycan müstəqilliyini əldə etdiyi ilk gündən başlayaraq böyük bir dağıntıya məruz qaldı. Bu dağıntı həm mənəvi, həm fiziki idi. Ümumilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın həm daxildə, həm xaricdə çox möhkəm müstəqillik fundamentləri yarandı ki, əslində qələbə də bu fundamentin üzərində qərar tutub. İqtisadi inkişaf, ölkənin mənəvi-ruhi inkişafı, hərbi hazırlığın güclənməsi, gənc nəslin Vətən müharibəsində ürəkdən iştirakı üçün, Vətəni qoruması üçün hazır olması bu fundamentə daxil idi. Ümumilli liderimizin, böyük millət və dövlət qurucusunun istedadı, qüdrəti cənab Prezident İlham Əliyevdə də bütün gücü və müasirliyi ilə təzahür etdi. Ona görə də Vətən müharibəsində 44 gün ərzində zəfər çaldıq. Dünyada 44 gün ərzində böyük qələbə ilə nəticələnən müharibələr heç də həmişə olmur",- deyə deputat əlavə edib.

Nizami Cəfərov bildirib ki, bizim xalqımızın, dövlətimizin apardığı müharibə ədalətli idi, haqq savaşı idi. Müharibənin özü də əslində, quruculuq hadisəsi idi, çünki əgər bu müharibə olmasaydı, bu gün haqqında, genişmiqyaslı quruculuq işləri haqqında söz gedə bilməzdi. Ona görə də quruculuğun əsasları elə müharibənin əvvəlindən qoyuldu, bu gün də davam edir. Azərbaycan Vətən müharibəsində yalnız hərbi qələbə deyil, eyni zamanda, diplomatik və mənəvi qələbə qazandı.

Aytac Süleymanova

Twitter: a_alieva_