Azərbaycan Ermənistandan fərqli olaraq üç il ərzində Qarabağda əsaslı quruculuq işləri görüb – Anar İsgəndərov (ÖZƏL)

Azərbaycan Ermənistandan fərqli olaraq üç il ərzində Qarabağda əsaslı quruculuq işləri görüb – Anar İsgəndərov (ÖZƏL)

Bakı. TurkicWorld:

Ermənistandan fərqli olaraq Azərbaycan üç il ərzində Qarabağda əsaslı quruculuq işləri görüb.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı, professor Anar İsgəndərov deyib.

“30 il ərzində Ermənistan təkcə Azərbaycanın torpaqlarını işğal etmədi, Azərbaycanın 1 milyon əhalisini qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur etdi. Ermənistan, eyni zamanda özünün faşist təfəkkürünü bütün dünyaya bəyan etdi. Azərbaycanın tarixi torpaqlarını erməni torpağı kimi qələmə verdi. Əgər Qarabağ Ermənistanın ərazisi idisə 30 il ərzində ermənilər bu ərazini nə üçün talan etdilər? Ermənistandan fərqli olaraq, Azərbaycan öz tarixi torpaqlarını düşmən işğalından azad etdikdən sonra bu ərazidə gecə-gündüz quruculuq işləri həyata keçirdi, bərpa işləri hələ də davam etməkdədir”, - deyə A.İsgəndərov qeyd edib.

Millət vəkili onu da bildirib ki, Qarabağı dünyanın ən gözəl bölgəsinə çevirmək üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilir və bu gün Laçına, Zabuxa gələn, Füzulinin, Ağdamın bərpasını görən insanlar inana bilmirlər ki, bu ərazidə gecə-gündüz belə işlər gedə bilər.

“Gələcəklə bağlı, Qarabağla bağlı Azərbaycan dövləti başda olmaqla nə qədər arzularımız var. O arzuların bir hissəsi reallaşıb, bir hissəsi də reallaşmaq üzrədir. Bütün bunlar onu göstərir ki, düşmənin Azərbaycan torpaqlarına etdikləri heç bir zaman Azərbaycan xalqının yadından çıxmayacaq. Azərbaycan Ermənistanla qonşuluq münasibətlərini davam etdirsə belə ermənilərin bizə qarşı törətdikləri bizim tarix kitablarımızda hər bir azərbaycanlı üçün yaddaş kitabı olacaq”, - deyə o əlavə edib.

Millət vəkili onu da vurğulayıb ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və bunu qorumaq üçün hər an düşmənə qarşı mübarizədə möhkəm durmalıdır.

“Bu gün də dövlətimizin siyasəti ona yönəlib ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın konstitusiya qanunlarını qəbul edirlərsə, biz Azərbaycan vətəndaşı kimi onların qayğısına qalmağa hazırıq. Yox, əgər onlar öz separatçı meyillərini davam etdirərsə, onlar üçün burda yer yoxdur", - deyə A.İsgəndərov qeyd edib.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

Ləman Əsədli

Twitter: lamanasadli01