Son dəqiqə

Azərbaycan Ermənistan Naqif Həmzəyev

Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyduğu hədəfləri yerinə yetirəcək, erməni quldur dəstələri tərksilah edilərək məhv ediləcəkdir - Naqif Həmzəyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyduğu məqsəd və hədəfləri yerinə yetirəcək, erməni quldur dəstələri tərksilah ediləcək, təhlükə ehtimalı olan bütün hərbi silah-sursat, texnika, hərbi birləşmələr və hərbi şəxslər sıradan çıxarılaraq məhv ediləcəkdir.

Bunu TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

"Uzunmüddətdir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi və seperatçıları tərəfindən Azərbaycana qarşı müxtəlif səthli təxribatlar həyata keçirilir. Onlar, Azərbaycana qarşı beynəlxalq təzyiqin artırılması üçün müxtəlif bəhanələrlə humanitar böhran şousu layihəsini ortaya atdılar, ancaq bu layihələri iflasa uğradı, çünki biz hüquq çərçivəsində və tutarlı faktlarla Ermənistanın dezinformasiyalarını darmadağın etdik. Hətta BMT Təhlükəsizlik Şurasında belə Ermənistan və onların havadarları öz istəklərinə çatmadılar. Azərbaycan bu gün öz sərhədləri çərçivəsində bütün qərarları müstəqil olaraq özü verir və bütün beynəlxalq hüquq və konvensiyaların şərtlərinə, tələblərinə əməl etməkdə davam edir",- deyə o qeyd edib.

Naqif Həmzəyev bildirib ki, təəssüflər olsun ki, Ermənistan Azərbaycanın üç il müddətində uzatdığı sülh əlini sıxa bilmədi, hər dəfə müxtəlif bəhanələrlə sülhün imzalanmasından qaçdı, çəkindi, atəşkəsi pozdu, iri və xırdamiqyaslı təxribatlar törətdi, Azərbaycan ərazilərinin minalanması prosesini davam etdirdi və mina xəritələrini verməkdən boyun qaçırdı.

"Bu gün Azərbaycan polislərinin və yol təmir quruculuq işlərini həyata keçirən bizim əməkdaşlarımızın şəhid olması, mən düşünürəm ki, Ermənistan tərəfindən törədilmiş növbəti bir terror aktıdır. Bu terror məqsədyönlü və planlı şəkildə həyata keçirilib. Həmin ərazilər yenidən minalanıb və bizim minaya düşmüş əməkdaşlarımızın xilas olunmasına yardım etmək istəyən polis əməkdaşları da növbəti dəfə minaya düşərək şəhid olublar. Bütün bu proseslər onu deməyə imkan verir ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin və rus sülhməramlılarının fəaliyyət göstərdiyi ərazilərdə yerləşmiş qanunsuz erməni silahlı dəstələri və seperatçılar təxribatlarından əl çəkmirlər, Azərbaycan Silahlı Qüvvələrinə qarşı müxtəlif səthli təxribatlar keçirməklə kifayətlənmir, bu günə qədər hər dəfə etdikləri əməli yenidən təkrarlayaraq, Azərbaycan Hava Yollarına məxsus təyyarələrə müxtəlif siqnal ötürücülərlə təsirlər göstərmək və rabitə əlaqələrini mərkəzlə kəsməyə çalışmaq, mən düşünürəm ki, növbəti terror aktına cəhd kimi dəyərləndirilməlidir. Bütün bu baş vermiş hadisələr Ermənistanın və seperatçıların daha irimiqyaslı təxribatlara hazırlaşmasından xəbər verir və bu baxımından da Azərbaycan Silahlı Qüvvələri tərəfindən lokal hərbi əməliyyatların keçirilməsi qərarı doğru və düzgündür. Biz bunu yüksək qiymətləndiririk və alqışlayırıq", - deyə Milli Məclisin deputatı vurğulayıb.

Naqif Həmzəyev əlavə edib ki, ermənilərdən fərqli olaraq, Azərbaycan hərbi birləşmələri düşmən tərəfin hərbi obyekt və infrastrukturunu yüksək sərrastlıqla sıradan çıxarırlar. Mülki əhali qətiyyən təhlükədə deyil, onlara qarşı heç bir hərbi əməliyyat keçirilmir, onların təhlükəsizliyi tam olaraq təmin edilməkdədir. Hədəf, məqsəd azərbaycanlılara təhlükə mənbəyinə çevrilmiş erməni silahlı dəstələrini, ermənilərə məxsus hərbi texnikaları, istehkamları və hərbi sığınacaqları sıradan çıxarmaq, Azərbaycana qarşı seperatçıların hər hansı təxribat cəhdinin qarşısını almaq, Azərbaycan hərbçilərinin təhlükəsizliyini təmin etmək, Azərbaycanın konstitusiya hüququnu bərpa etmək məqsədilə həyata keçirilir.

"Azərbaycan tərəfi Ermənistanı silahı yerə qoymağa, tərksilah olmağa və qanunsuz qondarma seperatçı rejimin öz missiyasından, icra etdikləri qanunsuz vəzifələrindən istefa edərək Azərbaycan torpaqlarını tərk etməyə çağırır, eyni zamanda azərbaycanlılara qarşı hərbi cinayət törətmiş və bu gün də qanunsuz olaraq azərbaycanlıların şəhid olmasına, tələf edilməsinə, öldürülməsinə xidmət göstərən erməni quldur dəstələrinin Azərbaycan qanunları qarşısında cavab verməsinə çağırır. Mən düşünürəm ki, ən qısa zamanda Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyduğu məqsəd və hədəfləri yerinə yetirəcək, erməni quldur dəstələri tərksilah ediləcək, təhlükə ehtimalı olan bütün hərbi silah-sursat, texnika, hərbi birləşmələr və hərbi şəxslər sıradan çıxarılaraq məhv ediləcəkdir",- deyə o qeyd edib.

Naqif Həmzəyev bildirib ki, bu baxımdan da ən qısa zamanda ermənilərin təxribatlardan qaçınaraq bu əraziləri tərk etməsini və Azərbaycan qanunları çərçivəsində, erməni sakinlərin reinteqrasiyasının təmin edilməsini ən optimal yol olduğunu qeyd etmək istəyirəm. Həmçinin seperatçılar orada yaşayan erməni əsilli əhalini əsarətdə saxlayırlar, onlardan istifadə edərək öz qondarma rejimlərinin və fəaliyyətlərinin müddətini uzatmaq istəyirlər. Azərbaycan tərəfi buna imkan verməyəcək və ən qısa zamanda ərazilərindən erməni quldur dəstələrini çıxaracaqdır.

Aytac Əliyeva

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər