Son dəqiqə

Azərbaycan Ermənistan Naqif Həmzəyev Özəl

Azərbaycan ən qısa zamanda məcbur edəcək ki, erməni qanunsuz silahlı dəstələri ərazilərimizdən çıxarılsın - Naqif Həmzəyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycan ən qısa zamanda məcbur edəcək ki, erməni qanunsuz silahlı dəstələri ərazilərimizdən çıxarılsın.

Bunu TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

"Bir neçə gün idi ki, Paşinyan seperatçıların qondarma rəhbərini rəsmi olaraq təbrik etməmişdi. Bu, müəyyən dərəcədə ümid verirdi, ancaq artıq Paşinyan tərəfindən seperatçıları təbrik etmək mən düşünürəm ki, növbəti dəfə onun qeyri-səmimiliyini göstərdi. Hərçınd ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın Azərbaycan ərazisi olduğunu və heç bir status alma ehtimalının olmadığını dəfələrlə bu və ya digər formada səsləndirib. Son dövrlərdə erməni havadarlarının Ermənistana verdiyi dəstək, onların açıq formada Rusiyadan üz döndərərək Qərbə meyillənməsi və Qərb dövlətlərindən də Paşinyana dəstək sərgilənməsi, onu müəyyən dərəcədə belə addımlar atmağa cəsarətləndirib. Nəticə etibarilə, düşünürəm ki, Paşinyan erməni lobbisində öz mövqeyini möhkəmləndirmək üçün seperatçıları təbrik etmək qərarına gəlib",- deyə o qeyd edib.

Naqif Həmzəyev bildirib ki, Paşinyan düşünür ki, bunu etməklə öz mövqeyini daha da möhkəmləndirəcək, Qərbdən və erməni lobbisindən daha çox dəstək alacaqdır. Xüsusilə də mən düşünürəm ki, Paşinyan Fransanın təsiri ilə bu addımı atıb. Ancaq onun atdığı bu addımlar sülhə kölgə salır və təxribata hazırlaşan Ermənistan bir tərəfdən də, Azərbaycanla sülh yolu ilə problemin həllində maraqlı olduğunu səsləndirir. Bu da səmimi açıqlama deyil.

"Biz unutmamalıyıq ki, Ermənistan hər an böyük təxribatlara başlaya bilər, bu onun əsas hədəflərindən biridir, çünki Ermənistan vəziyyəti öz xeyrinə dəyişmək istəyir. O, dezinformasiyalar yayaraq Qərbin Azərbaycana təsirini artırmaq istəyir. Ermənistan sülh danışıqlarının müddətini uzadaraq güc toplamaq niyyətindədir, ancaq Azərbaycan Ermənistanın atacağı addımları əvvəldən hesablayır və mən düşünürəm ki, biz ən qısa zamanda onları məcbur edəcəyik ki, erməni qanunsuz silahlı dəstələri Azərbaycan ərazilərindən çıxarılsın. Bu baş tutmayacağı təqdirdə isə Azərbaycan antiterror əməliyyatları həyata keçirəcək və Xankəndində şanlı bayrağımız dalğalanacaqdır. Seperatçıların əsarətdə saxladığı erməniəsilli sakinlər də Azərbaycan cəmiyyətinə reinteqrasiya ediləcəkdir. Paşinyanın atdığı səhv addımlar ona çox baha başa gələcəkdir və Azərbaycan layiqincə bu səhvləri aradan qaldırmaq iqtidarındadır", - deyə Milli Məclisin deputatı vurğulayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər