İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız iddiadır - Rauf Əliyev

İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız iddiadır - Rauf Əliyev

Bakı. TurkicWorld:

Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırıma məruz qoymasını BMT TŞ-nin 16 avqust 2023-cü il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin,beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir. Rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır.

TurkicWorld-un məlumatına görə, Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, Ermənistan 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb, indi isə qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir.Bu rəsmi İrəvanın siyasi məsuliyyətsizliyindən başqa bir şey deyildir:

"Rəsmi İrəvanın Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir. Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümüdür.

Azərbaycan hökuməti Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək,onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir və bunu bütün beynəlxalq tribunalardan dəfələrlə ən yüksək səviyyədə dilə gətirib. Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalının sıfıra endirdi.Bir sıra intensiv məsləhətləşmələr və “məkirli diplomatiyası” səylərindən sonra humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də Azərbaycanın mərkəzi hakimiyyətin xüsusi nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün təşkilinə dair razılıq əldə olunmuşdu. Məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi tamamilə Azərbaycanın maraqlarına cavab verir.

Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Sözügedən yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə - “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan, habelə beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir".

R.Əliyevin sözlərinə görə, TŞ-də müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi.Bu onu göstərir ki,Azərbaycana göstərilən beynəlxalq dəstək getdikcə daha da artır.

"TŞ-dəki müzakirələr “Dağlıq Qarabağda” olan Ermənistan silahlı qüvvələrinin tərkisilah edilməsinin vacibliyini göstərdi,Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi.

Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Bu obyektiv həqiqətin təntənəsi idi. BMT TŞ-dakı müzakirələr bir daha göstərdi ki, Azərbaycana Beynəlxalq dəstək getdikcə daha da artır. BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlət, eləcə də qardaş Türkiyə Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolunu dəstəkləyir.İclas zamanı Azərbaycanı dəstəkləyən Albaniya, Braziliya və digərlər ölkələrin nümayəndələri beynəlxalq hüquqa söykənən ədalətli mövqe sərgiləmişdilər.

Erməni lobbisinin, Ermənistanı aşkar şəkildə dəstəkləyən bəzi dövlətlərin qeyri-konstruktiv yanaşmasına,müzakirələrə təsir göstərmək cəhdlərinə baxmayaraq,İrəvanın gözləntiləri puça çıxıb. Bu ilk növbədə,rəsmi Bakının yürütdüyü hücum diplomatiyasının səmərəliliyini,İrəvanı informasiya müstəvisində üstələdiyinin əyani göstəricisidir", - deyə o, əlavə edib.

O qeyd edib ki, Rəsmi Bakı regiondakı yeni geosiyasi reallıqlarla bağlı dünya ölkələrində kifayət qədər dolğun və obyektiv təəssürat formalaşdıra bilib:

"Bu həm də ölkəmizin uğurlu diplomatik-siyasi fəaliyyətinin,hücum diplomatiyasının və bütün məsələlərdə beynəlxalq hüquqa əsaslanmasının nəticəsidir. Bu Azərbaycanın hücum diplomatiyasının məntiqli nəticəsidir.

BMT-nin son qərarı Ermənistan rəhbərliyində və Qarabağdakı separatçı xunta rejimində dərin məyusluq yaradıb. Əsassız iddialarının davamlı olaraq puça çıxması fonunda Qarabağ ermənilərinin yeganə düzgün qərarı Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkəmizin yaradacağı etibarlı təhlükəsizlik və sivil birgəyaşayış mühitindən bəhrələnərək dinc yaşamaq olardı. BMT-nin son qərarından sonra bu prosesin sürətlənəcəyini də əminliklə söyləmək olar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib. Beynəlxalq aktorların o,cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmadı. Azərbaycan diplomatiyası isə növbəti böyük uğurunu qazandı".