Son dəqiqə

Azərbaycan Naxçıvan Rauf Əliyev

Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi regionda qarşılıqlı etimad mühitinə xələl gətirir - Rauf Əliyev

BAKI,TurkicWorld

İran İslam Respublikasının ərazisindən həyata keçirilmiş dron hücumları regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdid yaradan hadisə kimi qiymətləndirilməli və qətiyyətlə pislənilməlidir. Belə hadisələrin baş verməsi fonunda məsuliyyət məsələsi hərtərəfli və obyektiv şəkildə araşdırılmalı, beynəlxalq hüququn norma və prinsipləri əsasında aydın mövqe ortaya qoyulmalıdır. Naxçıvan ərazisinə qarşı dron zərbəsinin endirilməsi regionda təhlükəsizlik və qarşılıqlı etimad mühitinə xələl gətirən qəbuledilməz addım kimi dəyərləndirilməlidir. Xüsusilə də mülki infrastruktura qarşı yönəlmiş hər hansı hücum beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ziddir və bu cür addımlar heç bir halda məqbul sayıla bilməz.

Bu kimi hərəkətlər beynəlxalq hüququn əsas prinsiplərinin pozulması olmaqla yanaşı, regionda gərginliyin artmasına və sabitliyin pozulmasına səbəb ola bilər. Bu baxımdan İran tərəfinin qısa müddət ərzində məsələyə aydınlıq gətirməsi, müvafiq izahat verməsi və gələcəkdə belə halların baş verməməsi üçün zəruri tədbirlər görməsi vacib hesab olunur. Azərbaycan dövləti isə hər zaman mehriban qonşuluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalıb və heç bir dövlət üçün təhlükə mənbəyi olmayıb.

Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti tərəfindən İranın Ali Liderinin vəfatı ilə bağlı başsağlığının ifadə olunması və diplomatik nümayəndəliyin ziyarət edilməsi yüksək siyasi mədəniyyətin, humanizm və qarşılıqlı hörmətin bariz nümunəsi kimi qiymətləndirilməlidir. Azərbaycan dövləti daim məsuliyyətli və səmimi siyasət yürüdərək, çətin anlarda qonşu xalqlara humanitar dəstək göstərməyə hazır olduğunu nümayiş etdirib.

Əgər mülki obyektlərin və mülki vətəndaşların istifadə etdiyi infrastrukturların hədəfə alınması faktı təsdiq olunarsa, bu, beynəlxalq hüququn ciddi pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan dövləti isə hər zaman soydaşlarımızın hüquq və azadlıqlarının qorunmasına xüsusi həssaslıqla yanaşır və onların müdafiəsini prioritet məsələ kimi qəbul edir. Tarixi təcrübə də göstərir ki, aqressiv və məsuliyyətsiz addımlar heç vaxt uzunmüddətli nəticə vermir və sonda öz siyasi-hüquqi qiymətini alır.

Azərbaycan Respublikası suveren dövlət kimi ölkənin təhlükəsizliyini təmin etmək və vətəndaşlarının müdafiəsini qorumaq məqsədilə beynəlxalq hüquqa uyğun bütün zəruri addımları atmaq hüququnu özündə saxlayır və regionda sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarı olaraq qalır.

Rauf Əliyev,
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü

Mövzuya görə xəbərlər