Azərbaycan-Çin münasibətləri intensivləşib və bundan da yüksək səviyyəyə qalxacaq - Rauf Əliyev

Azərbaycan-Çin münasibətləri intensivləşib və bundan da yüksək səviyyəyə qalxacaq - Rauf Əliyev

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 22 iyul tarixində "China Global Television Network" televiziya kanalında yayımlanmış müsahibəsində Azərbaycan-Çin münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin çox vacib rol oynadığınıa dair, ölkəmizdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərə həyata keçirilən tədbirlər barəsində, "Bir kəmər, bir yol" layihəsinin əhəmiyyətindən daçışmış və dünyada baş verən siyasi proseslər barədə fikirlərini bildirmişdir.

Cənab Prezident Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynadığını bildirərək qeyd etmişdir ki, onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub. Ulu Öndər Heydər Əliyev müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi.

Cənab Prezident son zamanlar Azərbaycan-Çin münasibətləri daha da intensivləşdiyini bildirərək qeyd etmişdir ki, iki dövlət başçısının görüşləri istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır. Eyni zamanda, dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız arasında təmasların da xüsusi əməkdaşlıq formatı yaratdığını vurğulayan dövlət başçısı bildirib:"Bizim Azərbaycan və Çin arasında yekdil siyasətimiz var. Bir daha təsdiq edirəm ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır".

İkitərəfli əlaqələrdə əldə edilən nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır.

Cənab Prezident ölkəmizdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzrə həyata keçirilən tədbirlər barəsində, "Bir kəmər, bir yol" layihəsinin əhəmiyyətindən danışarkən qeyd etmişdir ki, inkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Azərbaycan coğrafi üstünlüklərə malikdir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlanıb. "Bir kəmər, bir yol" layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi. İndi sadəcə, texniki imkanları artırır. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma zavodunun genişləndirilməyi nəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək. Böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görülür. Hazırda mövcud dəmir yolunu müasirləşdiririk ki, qatarların sürəti artırılsın və daha çox yüklər nəql edilsin. Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Əlverişli infrastruktur. Cari ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər.

"China Global Television Network" televiziya kanalında yayımlanmış müsahibəsində cənab Prezident Azərbaycanın həmişə müstəqil siyasət yürütdüyünü bildirərək qeyd etmişdir ki, bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan öz prioritetlərinə və milli maraqlarına cavab verməyən hər hansı işə qoşulmur. Biz müstəqil davranırıq və siyasətimiz müstəqildir. Bu, əsas səbəbdir ki, Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir. Bu siyasət milli maraqlara söykənən siyasətdir.

Milli Məclisin deputatı

Rauf Əliyev