BMT TŞ-nın iclası Azərbaycanın və onun haqqını müdafiə edən dövlətlərin qələbəsi oldu – Anar İsgəndərov (ÖZƏL)

BMT TŞ-nın iclası Azərbaycanın və onun haqqını müdafiə edən dövlətlərin qələbəsi oldu – Anar İsgəndərov (ÖZƏL)

Bakı. TurkicWorld:

BMT Təhlükəsizlik Şurasının dünən keçirilən təcili iclası, əslində, Azərbaycanın və onun haqqını müdafiə edən dövlətlərin qələbəsi, eyni zamanda, ölkəmizin uğurunu qəbul etməyən ölkələrin məğlubiyyəti oldu.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı, professor Anar İsgəndərov deyib.

“Azərbaycan öz tarixi torpaqlarını uzun mübarizədən sonra, dünyanın nüfuzlu təşkilatlarının ölkəmizin əleyhinə olmasına baxmayaraq, 44 günlük vətən müharibəsində xalqın gücü və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad etdi. Bu, bir daha onu göstərdi ki, BMT TŞ-nın Azərbaycanla bağlı ədalətsiz qərarı olsaydı belə, Azərbaycan artıq 90-cı illərdəki kimi bu cür qərarlardan geri çəkilməyəcəkdi”, - deyə A.İsgəndərov vurğulayıb.

O, həmçinin bildirib ki, Azərbaycan Ermənistandan öz ərazi bütövlüyünün tanınmasını və ədalətli şərtlər əsasında sülh müqaviləsinin imzalanmasını tələb edir.

“Bugün Azərbaycan dünyanın aparıcı dövlətlərindən biridir və tək tələbi sülhün təmin edilməsidir. Azərbaycan bugün Rusiya-Ukrayna müharibəsinin olduğu zamanda hər iki dövlətlə də münasibətlərini qoruyur və Ukraynaya humanitar yardımla dəstək olur. Həmçinin, Avropanı enerji resursları ilə təmin edir. Bugün Azərbaycan Türk Dövlətləri arasında böyük nüfuz sahibidir. Azərbaycan hər zaman haqqı müdafiə edib və məhz buna görə də Ərəb dünyasında ilk söz ölkəmizə verilir”, - deyə millət vəkili əlavə edib.

Onun sözlərinə görə, ermənilər yaradılmış “fəlakət” ssenarisinə son qoymalıdırlar.

“Ermənilərin məqsədi sülh deyil, əksinə Azərbaycana qarşı olan ərazi iddialarına davam etmək və yenidən havadarlarının köməyi ilə müharibə yaratmaqdır. Bugün Azərbaycan yalnız sülh üçün mübarizə aparır”, - deyə A.İsgəndərov qeyd edib.

Ləman Əsədli

Twitter: lamanasadli01