Son dəqiqə

Azərbaycan Ermənistan Naqif Həmzəyev Yaşar Əliyev Özəl BMT Təhlükəsizlik Şurası

Azərbaycan hərtərəfli erməni təxribatlarının qarşısını müvəfəqiyyətlə almağa hazırdır - Naqif Həmzəyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycan hökuməti hərtərəfli erməni təxribatlarının qarşısını müvəfəqiyyətlə almağa hazırdır.

Bunu TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

"BMT TŞ-da Ermənistanın istəyi əsasında aparılan müzakirələr bir daha fürsət yaratdı ki, biz ermənilərin əsl simasını dünyaya göstərə bilək. Ermənilərin qeyri-səmimi istəkləri dünya ictimaiyyətinə nümayiş etdirildi. Azərbaycanın nə qədər Cənubi Qafqazda sülh və əmin-amanlıq istəyən tərəf kimi mövqeyini nümayiş etdirməsi, düşünürəm ki, beynəlxalq gücləri düşünməyə, Ermənistanı dəstəkləyən qüvvələri isə reallıqları dərk etməyə imkan yaratdı. Azərbaycan üç ilə yaxın bir müddət ərzində Ermənistanı sülhəməcbur siyasətini uğurla həyata keçirir. Biz beynəlxalq hüquqa söykənərək işlərimizi mərhələli şəkildə həyata keçiririk və Laçın yolu üzərində qurulmuş nəzarət-keçid məntəqəsi, əslində, Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi üçün qurulub",- deyə o qeyd edib.

Naqif Həmzəyev bildirib ki, görünən odur ki, hələ də Azərbaycan ərazisində mövcudluğunu davam etdirən seperatçılar – qanunsuz erməni silahlı dəstələri hər an təhlükə mənbəyi kimi çıxış edirlər və onlar təəssüflər olsun ki, Azərbaycan ərazisində yaşayan erməni əhalini əsir saxlamaqla, öz mövcudiyyətlərini davam etdirirlər.

"Azərbaycan isə bu seperatçıların silahlanmasını istəmir, onlara daşınan silah-sursatların, təlim keçən hansısa başqa ölkələrin vətəndaşı olan terroristlərin bu ərazilərə gəlməsində maraqlı deyil. Məqsədimiz isə regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasıdır. Dünən BMT TŞ-da Azərbaycan nümayəndə heyətlərinin arqumentləri tutarlı idi və biz nə dərəcədə sülh istədiyimizi dünya ictimaiyyətinə bir daha sübut etdik, Ermənistanın əsl siması dünyaya nümayiş etdirildi. Mən düşünürəm ki, BMT TŞ- da Ermənistanın növbəti məğlubiyyəti və bu toplantıdan əliboş qayıtmaları onları yenidən düşündərməyə vadar edəcək, Ermənistan məcbur olub Azərbaycanla sülh anlaşmasını imzalayacaq",- deyə Milli Məclisin deputatı vurğulayıb.

Naqif Həmzəyev əlavə edib ki, ermənilər yaradılmış “humanitar tır” şousuna son qoymalıdırlar və ya ancaq Azərbaycanın təklif etdiyi alternativ yollardan istifadə edərək Xankəndinə bu maşınlar daxil ola bilər. Onlar isə bu yolu seçmir, əksinə Azərbaycanla kommunikasiyaları bağlayır və bununla öz əsl istəklərini ortaya qoyurlar. Ermənilər bununla da bir daha sübut edirlər ki, qətiyyən sülh istəmirlər, təxribatlara və Azərbaycana qarşı olan ərazi iddialarına davam edirlər.

"Onlar erməni əhalisinin bu ərazilərdə yaşamasından istifadə edərək öz istəklərini reallaşdırmaq istəyirlər. Hələ də Naxçıvanla Azərbaycan arasında kommunikasiyaların açılmasını reallaşdırmayıblar. Orada hansısa bir tikinti-təmir işləri həyata keçirilmir. Azərbaycan nümayəndə heyəti Yaşar Əliyevin səsləndirdiyi arqumentlər içərisində, əgər Xankəndində yaşayan ermənilərin humanitar problemi varsa, onlar,həqiqətən, acından ölürlərsə, necə ola bilir ki, onlar ad günləri, toy, xeyir işləri keçirirlər. Yaşar Əliyevin bunları fotofaktlarla sübut etməsi mən düşünürəm ki, onu deməyə imkan verir ki, ermənilər şou yaradırlar və hətta hazırdılar ki, özləri hansısa təxribatlar törətsinlər, yeni şoular yaratsınlar və dünya ictimaiyyətini dezinformasiyalarla çaşdırsınlar", - deyə o qeyd edib.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan hökuməti hərtərəfli erməni təxribatlarının qarşısını müvəfəqiyyətlə almağa hazırdır və düşünürəm ki, qarşıda bizi daha ciddi erməni təxribatları gözləyir. Biz mərhələli şəkildə bu təxribatları dəf etməklə öz hədəfimizə çatacağıq, regionda uzunmüddətli və dayanıqlı sülhü əldə edəcəyik.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər