BQXK-nı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında təhlükəsiz gediş-gəlişi təmin etməyə çağırıq - İcma

BQXK-nı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında təhlükəsiz gediş-gəlişi təmin etməyə çağırıq - İcma

Bakı. TurkicWorld:

Biz, Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması bir daha beynəlxalq aləmin diqqətini Ermənistanın monoetniklik və ərazi ekspansiyasına əsaslanan radikal ideoloji siyasətinin doğurduğu ağır nəticələrə yönəltmək istərdik. 1987-1991-ci illərdə Ermənistandan azərbaycanlıların hamısının qovulması, 1991-1994-cü illərdə Azərbaycan ərazilərinin 20 faizinin işğalı, azərbaycanlıların işğal edilmiş torpaqlardan qovulması, işğal altındakı bütün Azərbaycan yaşayış məntəqələrinin dağıdılması və mina döşəməklə o torpaqların yaşayış üçün yararsız hala salınmasını ehtiva edən bu mənfur siyasətin ən ağır təzahürlərindən biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı davam edən blokadadır. 1991-ci ildə Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına gedən avtomobil yollarını, dəmir yollarını, qaz kəmərlərini və elektrik xətlərini kəsmişdir. Hələ də davam edən bu qeyri-insani blokada muxtar respublikanın sayı yarım milyona yaxın olan əhalisinə ölçüyəgəlməz çətinliklər və iztirablar yaşatmaqdadır.

TurkicWorld xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanladığı müraciətdə yer alıb.

Müraciətdə, həmçinin bildirilib: “Ermənistanın bu blokadanı tətbiq etməkdə məqsədi muxtar respublikanı ələ keçirmək idi. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Naxçıvan sakinlərinin qəhrəmancasına müqaviməti qarşısında muxtar respublikanı hərbi yolla işğal edə bilməyəcəyini anlayan Ermənistan, əhalini məhrumiyyətlərə düçar etməklə Naxçıvanı tərk etməyə məcbur etmək üçün bu mənfur blokadanı tətbiq edib.

Azərbaycan Türkiyə və İran üzərindən alternativ tranzit marşrutları təşkil edilməsini 2005-ci ildə tamamlayana qədər, sərt iqlimə malik Naxçıvan əhalisi şiddətli soyuqdan əziyyət çəkmiş, qida və tibbi vasitələr çatışmazlığı ilə üzləşmişdi. Sözügedən tranzit alternativləri işə düşsə də, coğrafi və digər səbəblərə görə Ermənistandan keçən marşrut ən qısa, effektiv və sərfəli variant olaraq qalır.

Ermənistan beynəlxalq hüquqda, o cümlədən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş, Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz tranziti təmin etməyə dair konkret öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Ermənistan bu qeyri-insani blokadanı israrla saxlamaqla, əhalinin iztirablarına açıq-aşkar etinasızlıq nümayiş etdirir, faktiki olaraq ərazi iddiasını davam etdirir və regionda vəziyyəti daha da gərginləşdirir.

Ermənistanın blokadası səbəbindən Naxçıvan sakinlərinin üzləşdiyi əzab-əziyyətlərə otuz il ərzində susqunluq nümayiş etdirən bəzi beynəlxalq dairələrin indi qəfildən Azərbaycanın Qarabağ bölgəsində əslində heç mövcud olmayan “humanitar vəziyyət”lə bağlı narahatlıqlarını səsləndirmələri çox məyusedicidir. Bu cür ayrı-seçkilik və qərəz insan haqlarını müdafiə etdiyini iddia edənlərin etibarını sarsıdır və onların ikiüzlülüyünü ortaya qoyur.

Biz Ermənistandan beynəlxalq hüquqa və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunmuş öhdəliyinə uyğun olaraq Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını təmin etməyi və Naxçıvan Muxtar Respublikasına qarşı davam etdirdiyi qeyri-insani blokadanı aradan qaldırmağı tələb edirik.

Bundan əlavə, biz Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) Ermənistanın ərazisi ilə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında təhlükəsiz gediş-gəlişin həyata keçirilməsini təmin etməyə çağırırıq”.