Məğlubedilməz ordudan danışan Ermənistan İlham Əliyevin siyasi zəkası qarşısında diz çökməli oldu – Vüqar İskəndərov (ÖZƏL)

Məğlubedilməz ordudan danışan Ermənistan İlham Əliyevin siyasi zəkası qarşısında diz çökməli oldu – Vüqar İskəndərov (ÖZƏL)

Bakı, TurkicWorld:

2020-ci ildən öncə böyük Ermənistandan, onun məğlubedilməz ordusundan danışan Ermənistan hərbi-siyasi rəhbərliyi, o cümlədən Nikol Paşinyan cənab İlham Əliyevin gücünün, qətiyyətinin, siyasi zəkasının qarşısında diz çökməli oldu, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov TurkicWorld-a özəl açıqlamasında deyib.

“44 günlük Vətən müharibəsi ölkəmizin həm geosiyasi bölgədə, həm də qlobal anlamda nüfuzunu və gücünü artırmış oldu. Təbii ki, Azərbaycan bu şanlı qələbəsi ilə yeni bir düzən formalaşdırmağa başladı, yəni artıq bölgədə diqtə edən, Cənubi Qafqazın lideri Azərbaycan bütün sahələrdə Ermənistanı məğlub etdi. Azərbaycan həm cəhbədə dəmir yumruqla düşmənin başını əzdi, həm də Ali Baş Komandan İlham Əliyevin başçılığı altında ordumuz bütün dünyaya qəhrəmanlıq və əzmkarlıq nümunəsi kimi göstərildi”, - deyə millət vəkili bildirib.

V.İskəndərovun sözlərinə görə, ölkəmiz təkcə bölgədə deyil, Avropada və dünyada dayanıqlı iqtisadiyyatla həm enerji idxalçısı, həm də gələcəyin enerjisi olan yaşıl enerji ilə artıq bir növ gələcək Azərbaycanın siqnallarını vermiş oldu.

“Bütün bu güc və qətiyyət bu gün müasir Azərbaycanın simasıdır. Əvvəla, Ermənistan kapitulyasiya aktına imza atdı. Azərbaycanın qələbəsini, öz məğlubiyyətini etiraf etdi. Digər məsələ Ermənistan Baş naziri N.Paşinyan öz aciz durumunu həm 44 günlük Vətən müharibəsi dövründə, həm də müharibədən sonrakı dövrdə göstərmiş oldu. O, gah qərbə, gah şərqə, gah Rusiyaya, gah Amerikaya yalvarışlarla həm özünü, həm də ölkəsini dünya qarşısında biabr etdi və durmadan gücü artan Azərbaycan qarşısında necə rəzil olduğunu göstərmiş oldu. Təbii ki, Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida" - söyləməsi artıq sözün bütün mənalarında gerçək oldu. Bu gün artıq Ermənistan Baş naziri özü də Qarabağın Azərbaycan ərazisi olmasını bəyan edir", - deyə o əlavə edib.

Millət vəkili onu da qeyd edib ki, həm ölkəmizdə, həm xaricdə yaşayan Azərbaycan vətəndaşları qürurludurlar.

“Bu qüruru bizə yaşadan Ali Baş Komandan və ordumuzdur, əsgər və zabitlərimizdir, ümumilikdə, xalqımızdır. Artıq Azərbaycan təkcə bu qələbə və iqtisadi göstəricilərlə deyil, bugünkü postmüharibə dövründə Qarabağda çox nəhəng layihələri ilə tək Ermənistanı yox, onun havadarlarını da məyus etdi. Artıq Ermənistandan kənarda yaşayan erməni lobbisi də məğlub durumdadır. Onlara havadarlıq edən qüvvələr və ölkələr də hər biri çox məyus halda Azərbaycanın qələbələrini izləyir. Bütün bunlar bizim xalqımızın bütövlüyünün, birliyinin ölkə prezidenti ətrafında sıx birləşmənin bariz nümunəsidir və təzahürüdür”, - deyə o vurğulayıb.

V.İskəndərov onu da bildirib ki, yaxın zamanlarda işğaldan azad olunmuş həm Qarabağ, həm də Zəngəzurda böyük qayıdış layihəsi tamamlanacaq və öz yurdundan didərgin düşən insanlar öz torpaqlarında yaşayacaq, beləliklə, Azərbaycan sözün bütün mənalarında dünyanın ən çiçəklənən ölkələrindən birinə çevriləcək.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan 22 may tarixində açıqlamasında 86 600 kv. km Azərbaycanın Ermənistan tərəfindən tanınan ərazisinə Qarabağ ərazisinin də daxil olduğunu bildirib.

Ləman Əsədli
Lamanasadli01