BAKI,TurkicWorld
İran nüvə silahı istehsal etmir, ancaq ABŞ və ya İsrail İrana hücüm edərsə, nüvə silahı istehsal etməyə məcbur qalacağıq.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri və keçmiş parlament sədri Əli Laricani, ölkəsinin nüvə silahı istehsal etmədiyini, lakin ABŞ-ın İrana hücum etməsi halında belə bir addım atmağa məcbur qala biləcəklərini bildirib.
Dövlət televiziyasına verdiyi müsahibədə Laricani, İranın nüvə silahı istehsal etmək potensialına malik olduqlarını, lakin Xameneinin kütləvi qırğın silahları ilə bağlı fətvasına uyğun olaraq bu yola baş vurmadıqlarını vurğulayıb.
“Bizim fətvamız var, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) nəzarəti altındayıq və nüvə silahına yönəlmirik. Ancaq bir səhvə yol versəniz, İranı bu addımı atmağa məcbur edəcəksiniz”,- deyə Laricani xəbərdarlıq edib.
ABŞ Prezidenti Donald Tramp 7 martda Ayətullah Xameneiyə həm təhdid, həm də dialoqa çağırış edən məktub göndərdiyini açıqlayıb. Xamenei isə ABŞ-ın danışıqlarla problemləri həll etmək yox, öz şərtlərini diktə etmək istədiyini bildirərək, İranın bunu qəbul etməyəcəyini bəyan edib.
Məktub BƏƏ vasitəsilə İrana çatdırıb, İran isə 27 martda Oman üzərindən cavab göndərdiyini açıqlayıb. İranın Xarici İşlər Naziri Abbas Əraqçi birbaşa deyil, yalnız vasitəçilərlə müzakirələrə açıq olduqlarını və danışıqların yalnız nüvə məsələsi ilə məhdudlaşacağını vurğulayıb.
Tramp dünən İranı “daha əvvəl heç görmədikləri şəkildə bombalayacağıq” deyə təhdid etmiş, Xamenei isə bu ehtimalın az olduğunu, lakin hücuma sərt cavab veriləcəyini bildirib.
Qeyd edək ki, Xamenei 2000-ci illərin əvvəlində kütləvi qırğın silahlarının istehsalını və istifadəsini qadağan edən fətva vermişdi.