Bakı, TurkicWorld
HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyəyə təşkil edilən sui-qəsdin təfərrüatları açıqlanıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Ordusu açıqlama verib.
Bildirilib ki, Tehranda Haniyənin öldürülməsinin yeddi kiloqramlıq döyüş başlığı daşıyan qısa mənzilli raketlə həyata keçirilib.
“Bu terror hücumu, təxminən yeddi kiloqram ağırlığında döyüş başlığı daşıyan qısa mənzilli raketin qonaqların yerləşdiyi ərazidən kənardan atıldığı zaman baş verib”, - deyə məlumatda vurğulanıb.
Sui-qəsdin İsrail tərəfindən hazırlanaraq həyata keçirildiyi və ABŞ-ın aksiyaya dəstək verdiyi qeyd edilib.
Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.
Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.
Hafiz Rufizoğlu