Son dəqiqə

Misir Husilər Süveyş kanalı

Qırmızı dənizdəki gərginlik Süveyş kanalının gəlirlərini 23,5 faiz azaldıb

Bakı, TurkicWorld

Misirin Süveyş kanalından illik gəlirləri Qırmızı dənizdəki gərginlik səbəbiylə təxminən 23,5 % azalaraq 7,2 milyard dollar olub.

TurkicWorldxəbər verir ki, Süveyş Kanalı Administrasiyasının rəhbəri Usamə Rabi açıqlamasında bildirib ki, Qırmızı dəniz böhranı kanaldakı nəqliyyata ciddi şəkildə təsir göstərib.

"Təhlükəsizlik problemləri bir çox gəmi sahibini və operatoru kanal boyunca alternativ yollardan istifadə etməyə sövq etdi ki, bu da kanaldan keçən gəmilərin sayına mənfi təsir göstərib. Azalma 2023/2024 maliyyə ili ərzində trafik statistikasında da əks olunub. Bir milyard ton yük daşıyan 20 min 148 gəminin kanaldan keçməsini və 7,2 milyard dollar gəlir itirdik",- deyə açıqlamada qeyd edilir.

Açıqlamada, 2022/2023 maliyyə ilində Süveyş kanalından 1,5 milyard ton yük daşıyan 25 min 911 gəminin keçdiyi və 9,4 milyard dollar gəlir əldə edildiyi vurğulanaraq, “(Qırmızı Dənizdə mövcud gərginliklər) təkcə Süveyş kanalına təsir etmir, həm də gəmi daşıma bazarına, ticarət hərəkətinə və qlobal təchizat zəncirlərinə təsir göstərir", - deyə ifadə edilib.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olan ticarət gəmilərini ələ keçirir və bəzilərinə PUA-lar və raketlərlə hücumlar təşkil edirlər.

Husilərin hərəkətlərinə görə bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səfərlərini dayandırmaq qərarına gəlib.

ABŞ qlobal dəniz ticarəti sistüminin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı "Rəfahın Mühafizəçisi" adlı çoxmillətli "dəniz işçi qrupu" yaradıldığını açıqladı.

ABŞ və İngiltərənin Yəməndə nəzarətləri altında olan bölgələrə hücumlarından sonra husilər bu ölkələrin bütün gəmilərini hədəf alacaqlarını bildirmişdi.

Mövzuya görə xəbərlər