Son dəqiqə

sui-qəsd Donald Tramp siyasi liderlər

Sui-qəsdə məruz qalan siyasi liderlər

Bakı, TurkicWorld

Tarix boyu bir çox siyasi lider sui-qəsdə məruz qalıb, onlardan bəziləri öldürülüb, bəziləri yaralanıb, bəziləri isə sui-qəsdən yayına biliblər.

TurkicWorld xəbər verir ki, Donald Trampa qarşı baş verən sui-qəsd hadisəsindən sonra bu vaxta qədər dünya liderlərinin üzləşdiyi sui-qəsd hadisələri gündəm olub.

Tarixdə iz qoyan dünya liderlərinə qarşı edilən sui-qəsd cəhdlərinin siyahısı ABŞ prezidenti Con Kennedi, Səudiyyə Ərəbistan kralı Feysəl bin Əbdüləziz, habelə Hindistanın ilk qadın baş naziri olan İndira Qandiyə qədər uzanır.

Con Kennedi


ABŞ-ın 35-ci prezidenti olan Con Kennedi 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində sui-qəsd nəticəsində öldürülüb.

Bu hadisə tarixə “Kennedi sui-qəsdi” kimi düşüb. Haqqında bir çox nəzəriyyə irəli sürülən bu sui-qəsd kitablarda və film səhnələrində də yer alıb.

Sui-qəsdin icraçısı kimi tutulan Li Harvi Osvald həbsdə olarkən Cek Rubi tərəfindən öldürülüb.

İndira Qandi


Hindistanın ilk qadın baş naziri olan İndira Qandi 31 oktyabr 1984-cü ildə Sikh mühafizəçiləri tərəfindən sui – qəsdə məruz qalaraq öldürülüb. Qandinin öldürülməsindən sonra Hindistanda Sikhlərə qarşı hücumlarda minlərlə insan həlak olub.

Feysəl bin Əbdüləziz


1964-cü ildən 25 mart 1975-ci il öldürülənə qədər Səudiyyə Ərəbistanında hökmranlıq edən Feysəl bin Əbdüləziz ölkədə televiziyaların qurulması, qız məktəblərinin açılmasına şərait yaratmaqla yanaşı həmçinin bir sıra islahatlar da həyata keçirib.

O, ABŞ-ın Yom Kippur müharibəsində İsrailə dəstək göstərməsi səbəbiylə Neft İxrac Edən Ərəb Ölkələri Birliyinin neft embarqosu qərarı almasında və tarixdə “1973-cü il neft böhranı” kimi tanınan hadisədə mühüm rol oynayıb.

Kral Feysəl öz sarayında qardaşı oğlu Feysal bin Musad tərəfindən güllələnərək öldürülüb.

Yitzhak Rabin


İsrailin keçmiş baş naziri Yitzhak Rabin də qətlə yetirilən liderlər arasındadır. İsraillə Fələstin arasında sülhün bərqərar olması üçün göstərdiyi səylər onun həyatının sona çatmasına səbəb olub.

Belə ki, Rabin 1993-cü il sentyabrın 13-də Fələstin Azadlıq Təşkilatı ilə İsrail arasında iki dövlətli həll təşəbbüsü üçün razılaşdırılmış Oslo Razılaşmasını imzalamışdı.

Keçmiş Leyborist Partiyasının lideri olan Rabin 4 noyabr 1995-ci ildə Tel-Əvivdə qatıldığı mitinqdən sonra israilli “ifrat sağçı” Yiqal Əmir tərəfindən güllələnərək öldürülüb.

Park Chung-hee


Cənubi Koreyada 1961-ci ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirən prezident Park Chung-hee 1979-cu il oktyabrın 26-da restoranda öz dostu Kim Jae Kyu tərəfindən güllələnərək öldürülüb.

Mənbələr Kəşfiyyat Başçısı olan Kimin ölkəni “dəmir yumruqla” idarə etdiyi bildirilən Parkı “Cənubi Koreyaya demokratiyanı geri qaytarmaq səbəbindən” öldürdüyünü bildirib.

Olof Palme


İsveçin keçmiş baş naziri olan Olof Palme həm ABŞ, həm Sovet İttifaqı, həm də Cənubi Afrikadakı irqi ayrı-seçkilik rejimini tənqid edirdi. Palme hökuməti həmçinin 1984-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb.

Palme 1986-cı il fevralın 28-də həyat yoldaşı ilə Stokholmun ən işlək küçələrindən birində mühafizəçilərinin müşahidəsi olmadan getdiyi kinoteatrdan çıxandan sonra bir nəfərin ona arxadan yaxınlaşaraq atəş açması nəticəsində dünyasını dəyişib. Terror təşkilatı PKK-nın şübhəlilər arasında yer aldığı dəfələrlə qeyd edilsə də, qətllə bağlı suallar bu gün hələ də davam edir.

Ənvər Sədat

Keçmiş prezident Camal Əbdül Nasirin ölümündən sonra Misirdə hakimiyyətə gələn Ənvər Sədat İsraillə yaxın əlaqələr saxladığı üçün öldürülüb.

Sədatın prezidentliyi dövründə 6 oktyabr 1973-cü ildə ərəb ölkələri, o cümlədən Misir və İsrail arasında “Yom Kippur” müharibəsi başlayıb. Bu müharibədən sonra Qahirə ilə Təl-Əviv arasında ‘Misir-İsrail Sülh Müqaviləsi’ əldə edilib.

Misir Prezidenti Sadat 6 oktyabr 1981-ci ildə, 6 oktyabr müharibəsinin (Yom Kippur) 8-ci ildönümünü qeyd etmək üçün keçirilən rəsmi parad zamanı sonradan İslami Cihad Hərəkatının üzvləri olduqları ortaya çıxan Misir ordusunun zabitləri Xalid əl-İslambuli və onun dostları tərəfindən güllələnərək öldürüldü.

“Dindar prezident” kimi tanınan Sədat ərəb ölkələrini 1967-ci il sərhədləri ilə İsraili tanımağa çağırsa da, elə o özü bu səbəbdən “satqın” elan edilərək öldürüldü.

Qeyd edək ki, sonuncu dəfə dünən ABŞ prezidentliyinə namizəd Donald Tramp mitinqdə çıxış edən zaman ona sui- qəsd cəhdi olaraq atəş açılıb.

Nəticədə sabiq prezident qulağından yaralanıb, mərmilərdən biri isə mitinqdə izləyici olan qadına dəyərək onun həlak olmağına səbəb olub.

Mövzuya görə xəbərlər