Bakı. TurkicWorld:
Türkiyə ilə Yunanıstan arasında bir sıra sazişlərin imzalanması gözlənilir.
TurkicWorld-un məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Yunanıstana səfəri çərçivəsində, iki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat, kənd təsərrüfatı, enerji, gömrük, turizm və idman sahələrində bir sıra saziş və anlaşmaların imzalanması gözlənilir.
Bundan əlavə, iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətlərinin gələcəkdə necə formalaşacağına dair birgə bəyannamənin dərci də gündəmdədir.
Görüşlərdən sonra prezident Ərdoğan və Yunanıstanın baş naziri Miçotakisin birgə mətbuat konfransı keçirəcəkləri, daha sonra heyətlər arasında iş yeməyi təşkil edəcəyi planlaşdırılır.
Ərdoğan-Miçotakis görüşündə İsrailin Qəzzaya hücumlarının da gündəmdə olması gözlənilir.
Prezident Ərdoğanın səfəri zamanı Yunanıstanla mövcud mexanizmlərin necə və hansı şəkildə irəlilədiləcəyi də müəyyənləşəcək.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Yunanıstan arasında keçiriləcək 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (YDİK) toplantısı çərçivəsində sabah Afinaya rəsmi səfər edəcək.
Aytac Süleymanova
Twitter: a_alieva_







