Son dəqiqə

Heydər Əliyev Mərkəzi

“44” filmindən sonra əvvəlki qaydada hərbi film çəkmək çətin olacaq

Bakı.Trend:

Tanınmış jurnalist Vyaçeslav Sapunov "Facebook" səhifəsində Azərbaycan xalqının Vətən müharibəsi dövründə göstərdiyi qəhrəmanlığa həsr olunmuş "44" tarixi bədii filminin möhtəşəm premyerası ilə bağlı təəssüratlarını bölüşüb. Filmin məqsədi tarixi yaddaşın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Filmin premyerası Heydər Əliyev Mərkəzində keçirilib.

Jurnalistin paylaşımını təqdim edirik:

"Heydər Əliyev Mərkəzində "44" bədii filminin premyerası keçirildi. Zalda inanılmaz dərəcədə nüfuzlu qonaqlar toplaşmışdı: nazirlər, kino xadimləri, memarlar, musiqiçilər, yazıçılar, jurnalistlər və bir çox başqa tanınmış şəxslər.

Qarabağ müharibəsi haqqında indiyədək filmlər çəkilib. Bəlkə də istədiyimiz qədər çox deyil, amma layiqli ekran əsərləri olub. "44" isə unikal və möhtəşəm layihədir. Düzünü desəm, Azərbaycanda əvvəllər bu miqyasda hərbi film çəkildiyini xatırlamıram.

İlk növbədə görülən işin həcmi heyrət doğurur. Beş il davam edən istehsal prosesi, 130-dan çox çəkiliş məkanı, kütləvi səhnələrdə minlərlə iştirakçı, o cümlədən hərbçilər və xüsusi təyinatlılar. Daimi çəkiliş heyəti 455 nəfərdən ibarət olub, istehsalın müxtəlif mərhələlərinə isə 13 ölkədən mütəxəssislər cəlb edilib. Görülən işin miqyasını təsəvvür etmək belə çətindir. Hərçənd bu miqyas ekranda aydın görünür. Filmin bədii rəhbəri və İsmayıl İmanla birlikdə ssenarinin həmmüəllifi Anar Ələkbərov olub. Filmin rejissorları isə İsmayıl Səfəralı və Maksim Smetanadır.

Döyüş səhnələri xüsusilə təsirli alınıb. Real tanklar, zirehli maşınlar, silahlar, çoxsaylı partlayışlar və atışmalar. Çəkiliş qrupunun sərəncamında həqiqi hərbi texnika olub, pirotexniklər, kaskadyorlar və hərbi məsləhətçilər çalışıblar.

Səs rejissoru Teymur Kərimov ayrıca tərifə layiqdir. Elə təsir bağışlayır ki, o, hər atəşin, hər partlayışın, hər addımın, hər xışıltının, hər nəfəsin üzərində ayrıca işləyib. Bəzən atəş səslərindən istər-istəməz diksinirsən, sakitlik anlarında isə gərginliyi daha da artıran, güclə sezilən səsləri eşidirsən.

Ruslan Ağababayevin gözəl musiqisi də filmin bu simfoniyasına orqanik şəkildə daxil olur. Bəzən lirik, bəzən sürətli, bəzən də ürəkləri sızladan musiqi ekranda baş verənlərin emosional təsirini daim gücləndirir.

Əlbəttə, operator Aleksandr Pozdnyakovun işi də heyranlıq doğurur. Dağların geniş panoramaları, döyüşlər zamanı kameranın sürətli hərəkəti (elə bil, filmdə, demək olar ki, bir dənə də statik kadr yoxdur), şəhərin gözəl mənzərələri, aktyorların iri planları. Cıdır düzünün ərazisində, qayalıqlarda çəkilmiş səhnələr xüsusilə möhtəşəmdir. Kamera gah geniş əraziləri əhatə edir, gah da düşmən atəşi altında qayalara dırmaşan döyüşçülərin lap yanında olur.

Bəzən ekranda baş verənləri sanki əvvəllər gördüyüm barədə qəribə hiss yaranırdı. Doğrudan da, bəzi kadrlar vaxtilə sərgilərdə, qəzetlərdə və internetdə baxdığım müharibə illərinin sənədli fotoşəkillərindən götürülmüş kimi görünürdü. Tanış rakurslar, üzlər, epizodlar, mənzərələr. Sadəcə, indi bütün bunlar canlanmış, hərəkətə gəlmiş, səslərlə, səslənən insan səsləri ilə dolmuşdu. Və birdən-birə əvvəllər yalnız hərəkətsiz fotoşəkildə gördüyün səhnələri tanıyırsan. Bu isə filmin tarixi həqiqətə uyğunluğunu daha da gücləndirir.

Filmin müəlliflərinin daha bir uğurlu tapıntısı Gəncədə baş vermiş faciəli hadisələrlə bağlıdır. 2020-ci ilin oktyabrında fotosu bütün dünyaya yayılan balaca Bəxtiyar Heydərlini xatırlayırsınız? Dinc şəhərə raket zərbəsi endirilməsi nəticəsində dəhşətli hadisələr yaşayan, üzü qana bulaşmış həmin uşaq ağrıya və yaşadığı dəhşətə baxmayaraq gülümsəyirdi. Məhz bu epizod da filmə daxil edilib. Filmdə uşağın adı Aydındır, amma mənim üçün onun prototipinin məhz həmin Bəxtiyar olduğu aydın idi. Üstəlik, balaca obrazı canlandıran aktyor nə qədər uğurla seçilib! O, məşhur fotoşəkildəki uşağa inanılmaz dərəcədə bənzəyir.

Xoşbəxtlikdən, filmin müəllifləri dinc həyata da yer ayırıblar. Burada insanlar bir-birinə aşiq olur, ailə qurur, mübahisə edir, yaxınlarının qayıtmasını gözləyirlər. Müharibədən əvvəlki Bakı çox gözəl lentə alınıb. Tanış küçələr, şəhərin gözəl panoramaları. Paytaxtdan kənarda çəkilmiş naturadan görüntülər də möhtəşəmdir! Lerik, toy və dəfn mərasimləri, dağ mənzərələri, Qarabağ kəndləri. Bəzi kadrlar o qədər gözəl çəkilib ki, onlara ayrıca, uzun-uzadı baxmaq istəyirsən.

Baş qəhrəman, xüsusi təyinatlı zabit Rəşad Xəlilov obrazını Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingiz canlandırıb. O, rolunun öhdəsindən möhtəşəm gəlib. Onun Rəşadı canlı, cazibədar, süni şəkildə ideallaşdırılmamış, pafosdan uzaq bir obrazdır. Ona inanırsan. Eynilə Özge Gürelin canlandırdığı sevgilisi, türkiyəli həkim Zeynəbə inandığın kimi. Aktyorlar çox gözəl cütlük yaradıblar və onların hisslərində zərrə qədər də saxtalıq yoxdur.

Amma daha iki aktyor işini xüsusi qeyd etmək istərdim.

Birinci obrazı xüsusi təyinatlılardan birinin, Lerikdən olan hərbçinin atasını canlandıran Qurban İsmayılov yaradıb. Onun dialoqları çox azdır, amma mimikası, ifadəliliyi necə də təsirlidir! Atanın azad edilmiş Azərbaycan yaşayış məntəqələrini xəritədə işarələdiyi epizod da necə gözəl düşünülüb. Əvvəlcə oğlunun və onun silahdaşlarının uğurlarını izləyir, sonra isə bunu şəhid atası kimi davam etdirir. Finalda o, əli ilə Şuşanın yerində xəritəyə qırmızı dəftərxana düyməsi sancır. Bunu necə unudulmaz duyğularla edir! Qurban İsmayılov bir kəlmə belə demədən o qədər hiss çatdırır ki, bu kiçik epizod yaddaşda ən möhtəşəm döyüş səhnələri qədər dərin iz buraxır.

Digər parlaq aktyor işi isə erməni snayperi rolunu canlandıran Hikmət Rəhimova məxsusdur. O, kifayət qədər qorxunc obraz yaradıb, baxmayaraq ki, zahirən onda şeytani heç nə yoxdur. Qarşımızda öz ideyasına fanatik sədaqətlə bağlı, fədakar, bacarıqlı döyüşçü dayanır. O, məğlubiyyəti etiraf etməyə cəsarət edən şəxsləri, hətta öz soydaşlarını belə əsirgəməyə hazır deyil.

Hadrut və əlbəttə ki, Şuşa uğrunda döyüşlər güclü təəssürat yaradır. Yəqin ki, Şuşaya hücum filmin bütün döyüş səhnələrinin zirvəsidir. Xüsusi təyinatlılar Daşaltı istiqamətindən, demək olar ki, keçilməz qayalara metr-metr dırmaşır, şəhərə daxil olur və şiddətli döyüşlərə girirlər. Şuşa döyüşləri heyrətamiz miqyasda lentə alınıb. Onları izləmək bəzən, həqiqətən də, vahimə doğurur.

Döyüşçülərə inanırsan. Onlar döyüşməyi, dostluq etməyi, zarafatlaşmağı, bir-birinə dəstək olmağı bacarırlar. Əlbəttə, silahdaşlarını itirməkdən qorxurlar. Bu münasibətlər filmdə həddindən artıq pafos olmadan, olduqca təbii şəkildə göstərilib.

Tarixi final hamımıza məlumdur, amma bu, iki saat yarım ərzində filmi gərginlik içində izləməyə heç də mane olmur. Və nəhayət, Zəfər paradı. Onun kadrları, yəqin ki, heç kəsi laqeyd qoymayacaq. Ardınca isə Neftçilər prospektini görürük. Buradan yüzlərlə hərbçi həlak olmuş silahdaşlarının, bizim şəhidlərimizin portretlərini daşıyaraq keçir. Yürüşün önündə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev gedir. Çox təsirli kadrlardır.

Lakin premyera gecəsi bununla bitmədi.

Nümayişdən əvvəl simfonik orkestrin və Dövlət Xor Kapellasının ifasında filmin musiqisi səsləndirildi. Musiqili giriş tarixi kino xronikası ilə müşayiət olunurdu. Hələ o zaman zalda həyəcan hiss edilirdi.

Filmdən sonra isə, yəqin ki, heç kimin gözləmədiyi bir hadisə baş verdi.

Gecənin qəhrəmanları səhnəyə dəvət olunanda tamaşaçılar çəkiliş qrupunu alqışlamağa hazırlaşırdılar. Lakin səhnəyə ilk olaraq şəhid anaları çıxdılar. Onların sayı çox idi, yüz nəfərdən artıq. Bu Qələbənin qazanılmasına imkan yaradan həlak olmuş döyüşçülərimizin anaları. Onların söylədiklərini həyəcansız dinləmək mümkün deyildi. Zalda çoxları göz yaşlarını gizlətmirdi.

Ekranda döyüşləri, paradı və təntənəli musiqini izlədikdən sonra qarşımızda Qələbə uğrunda ən ağır bədəli ödəmiş qadınlar dayanmışdı. Yəqin ki, məhz həmin anlar uzun müddət yaddaşlardan silinməyəcək.

"44" filmi, şübhəsiz ki, Azərbaycan kinematoqrafiyası tarixinə düşəcək. Bu filmdən sonra əvvəlki qaydada hərbi film çəkmək artıq çətin olacaq. Çünki ekran əsərinin yaradıcıları belə filmlərin necə çəkilə biləcəyini son dərəcə inandırıcı şəkildə göstəriblər.

Çox istərdim ki, bu iş kino sahəmizdə tək-tük uğur nümunəsi olaraq qalmasın, əksinə, Azərbaycan kinosunda yeni mərhələnin başlanğıcına çevrilsin. Həmçinin film mümkün qədər çox insana, o cümlədən Azərbaycanın hüdudlarından kənarda yaşayan tamaşaçılara da çatsın".

Mövzuya görə xəbərlər