Son dəqiqə

Xəzər dənizi

Xəzər dənizində hərbi təlim zamanı 9 Qazaxıstan hərbçisi həlak olub

Bakı. TurkicWorld:

Qazaxıstanın Xəzər dənizində hərbi təlimləri zamanı 9 hərbçi həlak olub.

Bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Manqistau vilayətində keçirilən təlimlər zamanı havanın kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində hərbçilər dənizə sürükləniblər.

Məlumata görə, ümumilikdə 19 hərbçi dənizə düşüb. Onlardan 9-nun həlak olduğu təsdiqlənib, 3 hərbçi xilas edilib. Xilas edilən hərbçilərdən biri xəstəxanaya yerləşdirilib.

Digər hərbçilərin axtarışları davam etdirilir. Axtarış-xilasetmə əməliyyatına Hərbi-Dəniz Qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin bölmələri, aviasiya və digər xidmətlər cəlb olunub.

Hadisənin bütün hallarının müəyyənləşdirilməsi və axtarış əməliyyatının əlaqələndirilməsi məqsədilə Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib. Komissiyaya müdafiə naziri, general-leytenant Dauren Kosanov rəhbərlik edir.

Qeyd edək ki, Qazaxıstanın Xəzər dənizində Hərbi-Dəniz Qüvvələrinin "Xazar Qorğanı – 2026" təlimləri keçirilib. Təlimlərdə Hərbi-Dəniz Qüvvələrinin gəmiləri və katerləri, hidroqrafik gəmilər, Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Manqistau vilayəti üzrə departamentinin gəmiləri və Hava Hücumundan Müdafiə Qüvvələrinin aviasiyası iştirak edib.

Təlimlər zamanı hərbçilər birgə manevrlərin həyata keçirilməsi, axtarış-xilasetmə işlərinin təşkili, həmçinin müxtəlif təhlükələrə qarşı fəaliyyətlərin həyata keçirilməsini məşq ediblər.

Mövzuya görə xəbərlər