Son dəqiqə

İran ABŞ Tehran Donald Tramp Vaşinqton Məhəmməd Baqir Qalibaf Pit Heqset Skott Bessent ABŞ-İran münasibətləri

Qalibaf ABŞ-nin İrana təzyiq siyasətini sərt tənqid edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran parlamentinin sədri və ölkənin əsas danışıqlar nümayəndələrindən biri Məhəmməd Baqir Qalibaf ABŞ-nin Tehrana təzyiqi artırmaqla əlavə güzəştlər əldə edə biləcəyinə dair yanaşmasını sərt tənqid edib. O bildirib ki, Vaşinqton əvvəlki razılaşmada nəzərdə tutulmayan məsələlər üzrə İrandan güzəşt almağa çalışır.

TurkicWorld xəbər verir ki, Məhəmməd Baqir Qalibaf sosial şəbəkədə yaydığı açıqlamada ABŞ rəsmilərinin İrana daha güclü təzyiq göstərməklə Tehranı əlavə güzəştlərə məcbur edə biləcəklərini düşündüklərini bildirib. Qalibafın sözlərinə görə, Vaşinqtonun tələb etdiyi həmin güzəştlər tərəflər arasında əldə olunmuş razılaşmanın tərkib hissəsi olmayıb.

Qalibaf ABŞ-nin maliyyə naziri Skott Bessent və müdafiə naziri Pit Heqseti də sərt şəkildə tənqid edib. İran parlamentinin sədri onların mövcud vəziyyətin öhdəsindən gəlmək imkanlarını şübhə altına alıb.

İran rəsmisi Vaşinqtonu yaratdığı vəziyyəti özü həll etməyə çağırıb. Qalibaf istehzalı ifadələrdən istifadə edərək ABŞ rəhbərliyinin mövcud siyasətinin gözlənilən nəticəni verməyəcəyini vurğulayıb.

Qalibafın açıqlaması Vaşinqtonun İrana iqtisadi və hərbi təzyiqi davam etdirdiyi bir vaxta təsadüf edir. ABŞ rəsmiləri son günlər Tehrana qarşı iqtisadi təzyiqin davam etdirilə biləcəyini bildiriblər.

ABŞ Prezidenti Donald Tramp isə İranla hazırda danışıqların aparılmadığını və yeni görüşün planlaşdırılmadığını açıqlayıb. Tehran rəsmiləri ABŞ-nin təzyiq siyasətinin İranı güzəştə getməyə məcbur etməyəcəyini bildirirlər.

Mövzuya görə xəbərlər