BAKI,TurkicWorld Orxan Qədirzadə
Bəşər tarixinin təsnifatı çox vaxt qaliblərin və hakim güclərin hekayəsinə çevrilir. Müasir dövrdə bizə təqdim olunan "Qaranlıq Orta Əsr" və "İşıqlı İntibah" mənzərəsi, əslində 19-cu əsrdə qurulmuş bir mədəniyyət mifidir. Bu mifoloji yanaşma, Qərb sivilizasiyasını yeganə ağıl və elm mənbəyi kimi göstərərkən, İslam dünyasını və digər Şərq mədəniyyətlərini sadəcə "keçid dövrü daşıyıcıları" və ya "təqlidçilər" səviyyəsinə endirir. Reallıqda isə, yunan fəlsəfəsinin və elminin müsəlmanlar tərəfindən qorunub inkişaf etdirilməsi təkcə bir tərcümə fəaliyyəti deyil, həm də köklü bir intellektual yenidənqurma prosesi idi.
İslam dünyasının Orta əsrlərdən "çıxması" barədə verilən suallar çox vaxt yanlış təməllər üzərində qurulur. Çünki Orta əsrlər dövründə Qərbdəki feodalizm, kilsə hegemonluğu və hüquqi qapalılıq sistemləri Şərqdə heç vaxt eyni formada mövcud olmamışdır.Şərq tarixində "feodal zadəgan" və ya mərkəzi dövlətdən müstəqil, xalqı əzən bir "ruhban sinfi" anlayışı yoxdur. Bu səbəbdən, Qərbin öz daxili böhranlarından doğan həll yollarını (islahat hərəkatları) eynilə İslam coğrafiyasına tətbiq etməyə çalışmaq, mövcud olmayan bir problemin süni həllini axtarmaq deməkdir.
Bu gün "Yaxın Şərq" anlayışı altında təqdim olunan coğrafi və siyasi kimlik, əslində müstəmləkəçilik dövrünün bir məhsuludur. Bu termin, bölgə insanını passivləşdirmək, onu "geridə qalmış" və "xilas edilməyə möhtac" biri kimi qələmə vermək üçün istifadə olunur. Tarixi faktlar isə sübut edir ki, Qərbin maddi rifahı təkcə elmi ixtiralarla deyil, həm də coğrafi kəşflər adı altında həyata keçirilən amansız istismar, qul ticarəti və digər xalqların resurslarının mənimsənilməsi üzərində yüksəlmişdir. Şərqin öz həqiqətini dərk etməsi üçün ilk növbədə bu yadlaşmış dil və düşüncə qəliblərindən azad olması zəruridir.







