Bakı. TurkicWorld:
17–19 aprel tarixlərində Milli Gimnastika Arenası növbəti dəfə möhtəşəm idman hadisəsinə ev sahibliyi edir.
TurkicWorld-un məlumataına görə, artıq 13-cü dəfədir ki, ölkəmizdə keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna 42 ölkədən ən istedadlı gimnastlar toplaşıb.
Bu kuboku digərlərindən fərqləndirən əsas məqam onun Los-Anceles 2028 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşımasıdır. Üç gün davam edəcək yarış zamanı gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi proqramlarda, eləcə də 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qrup hərəkətlərində qüvvələrini sınayacaqlar.
Kubokun ilk iki günü təsnifat mərhələsi keçiriləcək, sonuncu gün isə finallar baş tutacaq. Qeyd edək ki, bu gün start götürən yarışlara aprelin 19-da yekun vurulacaq.
Yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası ənənəyə uyğun olaraq "AGF Trophy" mükafatına layiq görüləcək.
Belə mötəbər yarışın ölkəmizdə keçirilməsi həm idmanın inkişafına, həm də gənc gimnastların motivasiyasına mühüm töhfə verir. Bütün iştirakçılara uğurlar arzulayır, izləyiciləri isə bu möhtəşəm idman bayramını yaxından izləməyə dəvət edirik!







